REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Ədliyyə Nazirliyinin RATİ-də qəflətən yoxlamalara başlamasını Azərbaycan Hökumətinin RATİ-yə qarşı açıq şəkildə başlayan yeni təzyiq kampaniyasının başlanğıcı kimi  qiymətləndirir.

Belə ki, dünən (29 oktyabr) Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları saat 12.30-da RATİ-nin ofisinə zəng edərək, saat 15.00-da yoxlama üçün gələcəklərini bildirib. Öz növbəsində RATİ əməkdaşları Ədliyyə Nazirliyinin əməkdaşına bildiriblər ki təşkilatın sədri Emin Hüseynov Rumıniyada keçirilən QHT forumunda iştirak edir və yalnız noyabrın 1-də qayıdıb  onların suallarını cavablandıra bilər. Lakin  buna baxmayaraq Ədliyyə Nazirliyinin əməkdaşları Salmanova Səbinə Qədir qızı və Həmidli Günel Bəxtiyar qızı RATİ-yə elə həmin gün yoxlama məqsədi ilə gəldilər. Yoxlama aparmağa əsas kimi onlar “RATİ-nin fəaliyyətinin nizamnaməyə və qanunvericiliyə uyğunluğunu öyrənmək məqsədi ilə” yoxlama aparmaq üçün RATİ-yə ezam olunmaları barədə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanovun imzaladığı və RATİ sədri Emin Hüseynova ünvanlanmış məktubu təqdim ediblər.
Yoxlama aparanlar 1 saat müddətində ofisdə olan RATİ əməkdaşlarına çox sayda suallar veriblər. Onları əsasən təşkilatın təsisçiləri, üzvləri, qrantları, hüquqi və faktiki ünvanlar barədə məlumatlarla maraqlanıblar.

RATİ hesab edir ki bu cür hədələyici tərzdə əsassız və yersiz yoxlamalar başlamaq Azərbaycan Hökumətinin  müstəqil QHT-yə qarşı olan dözümsüzlüyünün bariz nümunəsidir.
RATİ bəyan edir ki, bütün bunlar Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində nəzərdə tutulmuş Birləşmək hüququnun (I.Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsində nəzərdə tutulmuş Yığıncaqlar və birləşmək azadlığının (Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var) pozulmasıdır.
RATİ xatırladır ki, bir müddət öncə “Seçki Monitorinq Mərkəzi” (SMM) ictimai birliyinin qeydiyyatı Ədliyyə nazirliyi tərəfindən ləğv edilib.
RATİ onu da qeyd edir ki, bu ilin iyun ayında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna bir çox məhdudlaşdırıcı əlavə və dəyişikliklər edilmişdir.
RATİ bildirir ki, hazırda qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət etmiş onlarla QHT-nin qeydiyyatı gecikdirilir.  
RATİ  Azərbaycan hakimiyyətini bu cür repressiv addımlara son qoymağa çağırmaq üçün beynəlxalq demokratik ictimaiyyətə  müraciət edir.
RATİ həmçinin Azərbaycan iqtidarını müstəqil QHT-lərə qarşı dözümlü olmağa çağırır.

Previous Post

ƏDLİYYƏ NAZİRLİYİ RATİ-DƏ YOXLAMALARA BAŞLAYIR

Next Post

OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ BLOGGERLƏRLƏRƏ BAŞ ÇƏKİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.