ƏDLİYYƏ NAZİRLİYİ RATİ-DƏ YOXLAMALARA BAŞLAYIR

Bu gün (29 oktyabr) Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunu (RATİ) yoxlamaq üçün təşkilatın ofisində olublar.

Belə ki, idarənin əməkdaşı Səbinə Salmanova saat 12.30-da RATİ-nin ofisinə zəng edərək, saat 15.00-da yoxlama üçün gələcəklərini bildirib. RATİ-dən təşkilatın sədri Emin Hüseynovun Ruminiyada kecirilən Qara Dəniz ölkələrinin QHT forumunda iştirak edilməsi ilə baqli  və bir neçə gün sonra əlaqə saxlamaları bildirilsə də, onlar mütləq gələcəklərini bildiriblər.
     Saat 14.30-da ofisə daxil olan Salmanova Səbinə Qədir qızı və Həmidli Günel Bəxtiyar qızı “RATİ-nin fəaliyyətinin nizamnaməyə və qanunvericiliyə uyğunluğunu öyrənmək məqsədi ilə” yoxlama aparmaq üçün RATİ-yə ezam olunmaları barədə Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanovun imzaladığı və RATİ sıdri Emin Hüseynova ünvanlanmış məktubu təqdim ediblər.
     Onlar təşkilatın sənədləri ilə tanış olmaq istədiklərini bildirdikdə, bu səlahiyyətin sədrə aid olduğu və Emin Hüseynovun Azərbaycanda olmaması bir daha xatırladılıb. Lakin Ədliyyə Nazirliyinin əməkdaşları israrla sənədlərlə tanış olmaq istədiklərini bildirərək, 1 saat müddətində ofisdə olan RATİ əməkdaşlarına çox sayda suallar veriblər. Təşkilatın təsisçiləri, üzvləri, qrantları və s. barədə çoxsaylı suallar arasında RATİ-nin ofisinin  təşkilatın Ədliyyə Nazirliyində qeydiyyatda olub olmaması da yer alıb.
     Nəhayət, Emin Hüseynovla telefon əlaqəsi saxlayan Ədliyyə Nazirliyinin əməkdaşları, yoxlamanı o ölkəyə qayıdanadək  – noyabrın 2-dək təxirə saldıqlarını bildirərək, ofisi tərk ediblər.
     Qeyd edək ki, RATİ əməkdaşları Azərbaycanda fəaliyyət göstərən bir neçə jurnalist təşkilatı – Media Hüququ İnstitutu, “Yeni Nəsil” Jurnalistlər Birliyi və Demokratik Jurnalistlər Liqası ilə əlaqə saxlamış və  məlum olmuşdur ki, bu günədək həmin təşkilatlarda belə bir yoxlama olmayıb.
     Qeyd edək ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu”  İctimai Birliyi (RATİ) Azərbaycanda söz azadlığı sahəsində  vəziyyətin araşdırılması, jurnalistlərin, KİV-in hüquqlarının müdafiəsi, monitorinqi ilə məşğul olur və apardığı araşdırmalar əsasında müvafiq hesabatlar, bu və ya digər məsələnin həlli  üçün müvafiq təkliflər hazırlayır. RATİ 2006-cı ilin may ayında bir qrup jurnalist tərəfindən təsis olunub və həmin ilin  sentyabr ayında  Ədliyyə Nazirliyi tərəfindən rəsmi  qeydiyyata alınıb.
Məsələ  ilə bağlı RATİ sabah müvafiq bəyanatını açıqlayacaq.

Previous Post

AZƏRBAYCAN HÜQUQŞÜNASLAR FORUMUNUN ŞİKAYƏTİNƏ ALİ MƏHKƏMƏNİN PLENUMUNDA BAXILIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.