Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” radiosunun internet domenlərinə bəzi Azərbaycan internet provayderləri tərəfindən girişin məhdudlaşdırılmasını pisləyir və bunu Azərbaycan hökumətinin dolayısı yollarla internetə senzura tətbiqi kimi qiymətləndirir .
RATİ istisna etmir ki bu senzuranın arxasında “Azadlıq” radiosunun “The Washington Post” qəzetində Azərbaycan rəhbərliyi barədə tənqidi məqalənin Azərbaycan dilinə tərcümə olunmuş versiyasının ötən həftə radionun saytında yerləşdirilməsi durur.
RATİ bəyan edir ki, yerli və beynəlxalq qanunvericiliyə görə, hər kəsin öz fikirlərini azad ifadə etmək hüququ vardır. “Azadlıq” radiosunun saytına girişə məhdudiyyət qoyulması Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin (məlumat azadlığı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinin pozulmasıdır.
RATİ “Azadlıq” radiosunun saytına girişi əngəlləyən provayderləri qanunlara hörmət etməyə və “Azadlıq” radiosu saytına qoyulmuş məhdudiyyəti təcili aradan qaldırmağa çağırır.
RATİ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini, “Aztelekom” istehsalat Birliyini və digər əlaqədar qurumları məsələni araşdırmağa və günahkarların məsuliyyətə cəlb etməyə çağırır.