REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılmalarını pisləyir və bu hadisənin ifadə azadlığına təzyiq kimi qiymətləndirir.

Belə ki, dünən  (16 mart) “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyri-rəsmi çağırışla – telefon vasitəsilə Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunub və  3 saat ərzində son günlər Eynulla Fətullayevin Elmar Hüseynovun qətli barədə açıqlamaların “Yeni Müsavat” qəzetində dərc olunması ilə bağlı sorğu-sual edilib. MTN rəsmiləri ona bildiriblər ki, bu açıqlamalar Elmar Hüseynovun qətli üzrə aparılan cinayət işinin istintaqına mane olur. Sorğu-sual zamanı baş redaktorla kobud davranılmış və R.Arifoğlunun hüquqşünasla birgə ifadə vermək barədə tələbi təmin olunmamışdır. Baş redaktor Eynulla Fətullayevin açıqlamalarını “Turan” informasiya agentliyinə istinadən yaydığını və bu səbəbdən də qanunvericiliyə görə məsuliyyət daşımadığını desə də, ona istintaq sirlərini yaymamaq barədə xəbərdarlıq edilib.
Həmçinin “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev də bu gün (17 mart) MTN-ə çağırılıb.
    RATİ bəyan edir ki, KİV rəhbərinin yazıya görə MTN-ə çağırılması, təzyiq və təhdidlərə məruz qalması Azərbaycan Respublikası Konstitusiyasının 47 (Fikir və söz azadlığı) və 50-ci (Məlumat azadlığı) maddəsinin, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə etmək azadlığı) maddəsinin, həmçinin “KİV haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci (Kütləvi informasiya azadlığı) və 7-ci (senzuranın yolverilməzliyi) maddələrinin pozulmasıdır.
    RATİ həmçinin bəyan edir ki, Rauf Arifoğlunun hüquqşünasla birgə ifadə vermək hüququnun təmin olunmaması onun Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində nəzərdə tutulan “Hüquqi yardım almaq hüququ”nun pozulmasıdır.
    RATİ  qeyd edir ki, sorğu-sual zamanı baş redaktorla kobud davranış Azərbaycan Respublikası Konstitusiyasının 46-cı (Şərəf və ləyaqətin müdafiəsi hüququ) maddəsinə ziddir.
RATİ Azərbaycan hüquq-mühafizə orqanlarını, xüsusilə MTN-i beynəlxalq və yerli qanunvericiliyə hörmət etməyə və KİV nümayəndələrinin hüquqlarını pozan bu kimi hallara son qoymağa çağırır.
RATİ beynəlxalq təşkilatları məsələyə reaksiya verməyə və belə hallara son qoyulmasını Azərbaycan hökumətindən tələb etməyə çağırır.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ SORĞU-SUAL EDİLİB

Next Post

“AZADLIQ” QƏZETİNİN BAŞ REDAKTORU QƏNİMƏT ZAHİD ƏFV FƏRMANI İLƏ AZADLIĞA ÇIXIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.