“YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTORU MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ SORĞU-SUAL EDİLİB

Dünən  (16 mart) “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və 3 saat ərzində sorğu-suala tutulub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Rauf Arifoölunun sözlərinə görə, MTN-ə çağırış qeyri-rəsmi olub. “Telefonla zəng edərək çox mühüm bir məsələnin müzakirəsi üçün MTN-ə dəvət etdiklərini dedilər. MTN-in İstintaq İdarəsinin rəis müavini Faiq Qəniyevin qəbulunda oldum” – deyə R.Arifoğlu bildirdi. O qeyd etdi ki, son günlər Eynulla Fətullayevin Elmar Hüseynovun qətli barədə açıqlamalarının “Yeni Müsavat” qəzetində dərc olunması ilə bağlı suallar verilib və deyilib ki, həmin məqalələr Elmar Hüseynovun qətli üzrə aparılan cinayət işinin istintaqına mane olur, eyni zamanda MTN-i gözdən salmaq, bu dövlət strukturunun 7-ci baş idarəsinin rəisi Akif Çovdarovu ləkələmək məqsədi daşıyır.
R.Arifoğlu onu da bildirdi ki, F.Qəniyev onunla söhbət zamanı özünü kobud apardığı üçün, hüquqşünasla ifadə verməyin daha doğru olacağını MTN zabitinin nəzərinə çatdırıb, ancaq o, bu tələbə məhəl qoymayıb. “Suallarına cavab olaraq bildirdim ki, Eynulla Fətullayevin açıqlamaları ölkədə tanınmış və hörmətli bir agentlik olan “Turan”ın xəbər bülletenində yer alıb və ertəsi gün bizim qəzetdə dərc olunub. Onu da qeyd etdim ki, bu baxımdan KİV haqqında qanunvericiliyə görə mənim bu məsələ ilə bağlı MTN-də sorğu-suala tutulmağım qanunsuzdur” – deyə R.Arifoğlu bildirdi.
3 saat davam edən sorğu-sualın axırında MTN rəsmisi R.Arifoğluna istintaq sirlərini yaymamaq barədə xəbərdarlıq edib. R.Arifoğlu bu hadisəni söz və mətbuat azadlığının məhdudlaşdırılması aktı kimi qiymətləndirdiyini vurğuladı.
“Yeni Müsavat”ın baş redaktoru onu da bildirdi ki, kobud davranışına görə, F.Qəniyevi məhkəməyə verməyi düşünür.
Qeyd edək ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru E.Fətullayev ötən həftə mərhum jurnalist Elmar Hüseynovun qətlinin MTN-in yüksək rütbəli zabiti Akif Çovdarov tərəfindən təşkil olunduğunu və bu faktı ona şəxsən Çovdarovun özünün etiraf etdiyini təsdiqləyən açıqlamalarla çıxış edib.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

“TURAN” İNFORMASİYA AGENTLİYİNİN DİREKTORU MTN-DƏ İFADƏ VERİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.