REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) mayın 21-də “Azadlıq”   qəzetinin müxbiri Aqil Xəlilin “Zeytun bağı” da döyülməsi ilə bağlı cinayət işinə xitam verilməsi faktını qəti surətdə pisləyir.

Belə ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir: “İstintaq hərəkətləri aparılarkən cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması faktları təsdiq olunmadığından, fevralın 22-də “Zeytun bağı” adlanan ərazidə baş vermiş hadisə üzrə Aqil Xəlilin döyülməsi istintaq materialları ilə öz təsdiqini tapmadığından, cinayət təqibinə xitam verilib”. Qeyd olunur ki, Aqilin ata-anası, qardaşı və vəkili öz ifadələrində istintaqın normal keçdiyini və təzyiq faktının olmadığını deyib.
RATİ hesab edir ki, Aqil Xəlilin döyülməsi ilə bağlı cinayət işinə xitam verilməsi tamamilə qeyri-qanunidir.  Belə ki, Aqil Xəlilin döyülməsi ilə bağlı Binəqədi Rayon 7-ci polis bölməsində gedən araşdırma xeyli müddət yubadılmışdı. Xatırladıq ki, Aqil Xəlili döyülməsi ilə bağlı ekspertiza martın 14 keçirilmişdir. İş materialları Baş Prokurorluğa və yenidən 7-ci polis bölməsinə göndərilmişdi. Eyni zamanda Aqil Xəlilin “Zeytun bağı” adlanan ərazidə döyülməsinə sübut kimi fotoşəkillər və video görüntülər yayılmışdı. Yerli və beynəlxalq təşkilatlar bununla bağlı bəyanatlar vermiş və Azərbaycan hökumətinin aidiyyatı orqanlarından jurnalistə qarşı edilən cinayəti araşdırmağa çağırmışdılar.  
Bundan əlavə Baş Prokurorluğun yaydığı məlumatda ziddiyyətli məqamlar var. Vəkil Elçin Sadıqov RATİ-yə bildirib ki, Baş Prokurorluğun yaydığı məlumatlar həqiqətə uyğun deyil: “Mənim adımdan yalan ifadələr yayılmasını özümə qarşı sui-istifadə adlandırıram. Bu özlərinin hərəkətlərini ört-basdır etmək məqsədi güdür”.
Aqil Xəlilin RATİ- yə verdiyi məlumata görə, onun valideynləri adından   yalan məlumat yaydıqlarına görə, Baş Prokurorluğu ittiham ediblər və bildiriblər ki, onlar əksinə istintaqın gedişindən daim narazı olublar.
RATİ Baş Prokurorluğu jurnalist Aqil Xəlilə qarşı törədilmiş cinayəti yenidən araşdırmağa və onunla bağlı işin yenidən icraata götürməyə çağırır. Eyni zamanda Azərbaycan hökumətinə müraciət edərək jurnalistin döyülməsi ilə bağlı işə qarışmağa və insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərini layiqincə yerinə yetirməyə çağırır. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti Aqil Xəlilin döyülməsi faktının yenidən və ədalətli şəkildə araşdırılması üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırır.

Previous Post

AVROPA BİRLİYİ AZƏRBAYCANDA MƏTBUATIN VƏZİYYƏTİNİ DİQQƏTDƏ SAXLAYIR

Next Post

MİKLOŞ HARAŞTİ PROKURORLUĞUN XƏLİLƏ QARŞI QƏRƏZLİ MÖVQEYİNDƏN CİDDİ NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.