Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün (20 iyul) bir qrup jurnalistin Prezident Administrasiyasının mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılmasını pisləyir və bu halı KİV nümayəndələrinə təzyiq kimi qiymətləndirir.
Belə ki, Prezident Administrasiyasının qarşısında aksiyadan video və foto çəkiliş aparan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) və “Turan” informasiya agentliklərinin əməkdaşları Cavid Qurbanov, Mehman Hüseynov, “Azadlıq” Radiosunun əməkdaşı Abbas Atilay və “Bizim yol” qəzetinin əməkdaşı Hacı Zeynalov Prezident Administrasiyasının mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, administrasiyanın inzibati binasına aparılıblar. Orada jurnalistlərə bildiriblər ki, Prezident Administrasiyasının binasını çəkməyə icazə verilmir. Media nümayəndələrinin çəkiliş avadanlıqları yoxlanılıb və prezident administrasiyasının binasının görüntüsü olan bütün kadrlar silindikdən sonra jurnalistlər sərbəst buraxılıb.
RATİ bəyan edir ki, Prezident Administrasiyasının inzibati binasının görüntüsünün çəkilməsi heç bir hüquqi normativ aktla qadağan olunmadığı halda, jurnalistlərin saxlanması və görüntülərin silinməsi media nümayəndələrinin qanuni peşə fəaliyyətinə mane olmaqdır.
RATİ həmçinin vurğulayır ki, həmin ərazidə Prezident Administrasiyasının binasının görüntüsünün çəkilməsini qadağan edən müvafiq xəbərdarlıq lövhələri vurulmamışdır.
RATİ xatırladır ki, Prezident Administrasiyasının görüntüsünün çəkdiyinə görə jurnalistlərin saxlanması halları dəfələrlə baş vermişdir. RATİ bununla bağlı Prezident Administrasiyasına yazılı sorğu ilə müraciət edərək, binanın çəkilməsinin qadağan edilməsinin hansı qanunla tənzimləndiyini soruşsa da, artıq 3 ay keçməsinə baxmayaraq, hələ də rəsmi yazılı cavab verilməmişdir.
RATİ onu da vurğulayır ki, dünyanın bir çox demokratik dövlətlərində Prezident Administrasiyasının binasının görüntüsünün çəkilməsi məhdudlaşdırılmır və nəinki KİV nümayəndələri, vətəndaşlar, hətta turistlər belə bu binaların qarşısında şəkil çəkdirə bilərlər.
RATİ bəyan edir ki, qanuni peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin hadisə yerindən reportaj hazırlamasına və video-foto çəkiliş aparmasına mane olunması jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.
RATİ Azərbaycan hakimiyyətini və Prezident Administrasiyasını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa çağırır.