REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

iyun 24th, 2008

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun jurnalistlərin həbsdə olmasını Azərbaycanın beynəlxalq imicinə zərər vuran amil kimi qiymətləndirməsini  müsbət hal hesab edir.

Lakin eyni zamanda RATİ Əli Həsənovun həbsdə yalnız 3 jurnalistin (Sakit Zahidov, Eynulla Fətullayev və Qənimət Zahidov) olması barədə açıqlamasından narahatdır. Həsənov 20 iyun 2008-ci ildə jurnalistlərə verdiyi açıqlamasında deyib: “Üç jurnalistin həbsdə olması Azərbaycanın beynəlxalq imicinə çox mənfi təsir göstərir. Bütün beynəlxalq təşkilatlar bunu Azərbaycanda söz və mətbuat azadlığının problemi kimi təqdim olunur. Ümid edirik ki, bundan sonra belə hallar təkrarlanmayacaq. Həbsdə olanların qapısının açıq olmasını arzulamalıyıq”.
RATİ hesab edir ki, “Azadlıq” qəzetinin əməkdaşı, satirik jurnalist Sakit Zahidov (Mirzə Sakit), “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovla yanaşı “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov da siyasi sifariş əsasında həbs edilən jurnalistdir. RATİ Hüseynovun işi ilə əlaqədar araşdırma aparmış və həmin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Hüseynov dövlət məmuru tərəfindən aldadılaraq həbs edilib. Belə ki, Hüseynov rüşvət alma maddəsi ilə ittiham edilsə də, əsas sübut kimi göstərilən videosüjetdə onun pul tələb etməsini göstərən heç bir epizod yoxdur. Bundan əlavə, videosüjetdə dəfələrlə dövlət məmurunun Hüseynova pul təklif etməsi və bu pulun onun tərəfindən qəbul edilməsi üçün müxtəlif üsullardan istifadə etməsi aydın şəkildə müşahidə olunur.

RATİ qeyd edir ki, digər jurnalistlərlə yanaşı Müşfiq Hüseynov da yerli və beynəlxalq ictimaiyyət nümayəndələri tərəfindən siyasi sifariş əsasında həbs edilmiş və dərhal azadlığa buraxılmalı olan jurnalist kimi qəbul edilir. Bir sıra yerli  və beynəlxalq hüquq müdafiə təşkilatları (Media Hüququ İnstitutu, Sülh və Demokratiya İnstitutu, RATİ, Hyuman Rayts Vatç, Sərhədsiz Reportyorlar və s.) Müşfiq Hüseynovun həbsini, sonradan isə 6 il müddətinə azadlıqdan məhrum edilmə (Apellyasiya Məhkəməsinin qərarı ilə 5 ilə endirilib) cəzasına məhkum edilməsini pisləmiş, onun azadlığa buraxılması üçün çağırışlar etmişdir.

RATİ Azərbaycanda həbsdə olan 4 jurnalistin dərhal azadlığa buraxılması çağırışı ilə Azərbaycan hakimiyyətinə müraciət edir. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti həbsdə olan jurnalistlərin azadlığa buraxılması istiqamətində Azərbaycan hakimiyyətinə təsir etmək üçün səylərini artırmağa çağırır.