İSVEÇLİ JURNALİSTLƏR AZƏRBAYCANDAN DEPORTASİYA OLUNDU

     İctimai Palatanın 17 aprel mitinqini müşahidə edən 3 İsveçli jurnalist  – May Rohvedder Strit (My Rohwedder Street) və Şarlotta Vijstkörm (Charlotta Wijkström) və Şarli Laprevod (Charlie Laprevote)  mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. Jurnalistlər əvvəlcə 39-cu polis bölməsinə aparılıb, sonra isə DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinə aparıblar. Bu barədə bu gün (18 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova məlumat verib.

   Xədicə İsmayılova bildirib ki, dünən Norveç Səfirliyinin nümayəndəsi Miqrasiya İdarəsində olub və jurnalistlərin vəziyyəti barədə aidiyyatı qurumlara müraciət ediblər.

            “Bu üç şəxs İsveçin “Kanal -1” televiziyası üçün işləyən  «Pampas Produktion» film şirkətinin  əməkdaşlarıdır və  Azərbaycana da sənədli film çəkmək üçün gəliblər. Bu şirkət bir neçə ölkədə belə sənədli film çəkib. Həmin jurnalistlərin adına yazılmış dəvətnamə  İsveçdəki Azərbaycan Səfirliyinə göndərilib və həmin dəvətnamədə də Azərbaycan sənədli film çəkmək üçün gələcəkləri qeyd edilib. jurnalistlər də öz növbələrində sənədlərini İsveçdəki səfirliyə təqdim ediblər. Səfirlik jurnalistlərə viza verib və  jurnalist akkreditasiyası üçün sənədləri Azərbaycanın Xarici İşlər Nazirliyinə göndərib. Jurnalistlər Azərbaycana şənbə günü gəliblər və Xarici İşlər Nazirliyi işləmədiyindən müraciət edə bilməyiblər. Bazar günü isə onlar saxlanılıblar”, – deyə İsmayılova bildirib.

            İsmayılova qeyd edib ki, saxlanılan zaman jurnalistlər heç bir çəkiliş aparmırdılar və jurnalist vəsiqələrini də saxlanılan zaman təqdim etsələr də, onları saxlayan şəxslər buna əhəmiyyət verməyiblər.

             “Jurnalistlərə dünən bildiriblər ki, sizi İstanbul reysi ilə geri göndərəcəyik. Lakin bunu etməyiblər. Hal-hazırda jurnalistlər Miqrasiya İdarəsində bir otaqda saxlanılırlar”, -deyə  “Azadlıq” Radiosunun əməkdaşı əlavə edib.

            Amma Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu İctimai Palatanın 17 aprel mitinqinin monitorinqi zamanı prosesi işıqlandıran kütləvi informasiya vasitələri təmsilçiləri ilə bağlı hər hansı insidentin qeydə alınmadığını bildirib. Bu barədə Mətbuat Şurasının rəsmi saytında məlumat verilib. Monitorinq qrupu Aksiyada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən akkreditasiyadan keçməyən iki İsveç jurnalisti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq məsələnin araşdırılması üçün Dövlət Miqrasiya Xidmətinə aparıldığını bildirib.

            Məsələ ilə bağlı Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev RATİ-yə bildirdi ki, dünən xarici jurnalistlərin saxlanıldığı DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Əli Mərdanovla görüşüb:  "Görüş zamanı rəisdən jurnalistlərlə görüşmək istədiyimi bildirdim. Lakin mənə bunun mümkün olmayacağını dedilər. Mən isə onlara bildirdim ki,  viza və dəvət əsasında ölkəmizə gələnlərin ölkədən çıxarılmasına heç bir əsas yoxdur və onların jurnalist fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulması düzgün hesab edilə bilməz.

            Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə RATİ-yə bildirdi ki,  bu şəxslər Dövlət Miqrasiya Xidmətinə aparılıblar.

            Dövlət Miqrasiya Xidmətindən isə bizə bildirdilər ki, jurnalistlər onların idarələrinə aparılmayıb.

Axşam saatlarında isə məlum oldu ki, artıq İsveçli Jurnalistlər deportasiya edilib. Bu barədə APA-ya açıqlamasında DMX-nin idarə rəisinin müavini Zərnişan Əhmədova bildirilib. O, qeyd edib ki, isveçli jurnalistlərlə bağlı qanuna uyğun araşdırma aparılıb və araşdırmaların nəticəsi olaraq müvafiq qərar qəbul olunub. Əcnəbi jurnalistlər Daxili İşlər Nazirliyinə təhvil verilib.

            Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, hər hansı əcnəbi jurnalist ölkəmizdə peşə fəaliyyəti ilə məşğul olması üçün Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlidir. Araşdırmalar zamanı məlum olub ki, həmin jurnalistlər Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməyiblər. Məhz buna görə də onlar qanunvericiliyin tələbinə uyğun olaraq ölkədən deportasiya ediliblər.

 

 

 

Previous Post

MÜXALİFƏTİN “SAHİL” BAĞINDA KEÇİRMƏK İSTƏDİYİ MİTİNQİN QARŞISI ZORAKILIQLA ALINDI

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.