RATİ-NİN EYNULLA FƏTULLAYEVİN DƏRHAL HƏBSDƏN AZAD EDİLMƏSİ İLƏ BAĞLI BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hökumətini “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi Avropa İnsan Haqları Məhkəməsinin qərarına uyğun olaraq  dərhal həbsdən azad etməyə çağırır.

Belə ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
Avropa İnsan Hüquqları Məhkəməsi isə bu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Azərbaycan tərəfi iyulun 16-da bu qərarla razılaşmayaraq, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına şikayət təqdim etmişdi. Böyük Palata isə Azərbaycan hakimiyyətinin şikayətini əsassız hesab edərək, Fətullayevin dərhal azad edilməsi barədə yekun və mübahisə edilməyəcək qərar çıxarıb. Amma Azərbaycan hakimiyyəti jurnalisti həbsdə saxlamaqda davam edir.
Biz hesab edirik ki, 2007-ci ildə saxta ittihamlarla böhtan, terrorla hədələmə, millətlərarası nifaq salma, habelə vergidən yayınma cinayətlərində təqsirli bilinərək 8 il 6 ay müddətinə həbsə atılan Fətullayev əslində Azərbaycan rəhbərliyinin ünvanına yazdığı tənqidi məqalələrə görə azadlıqdan məhrum edilib. Avropa Məhkəməsinin qərarı jurnalistin təqsirsizliyini qəti şəkildə sübut etdi.
Habelə onu da qeyd edək ki, 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanıldığı zaman – 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Məhkəmə qərarından verilən şikayətə Apellyasiya Məhkəməsində baxılır. Bu qurama ittihama baxmayaraq Avropa Məhkəməsinin qərarının məcburi olduğunu nəzərə alsaq, Fətullayevin həbsdə saxlanması qeyri-qanunidir.
Belə ki, oktyabrın 19-dan hakimiyyət tərəfindən özünə qarşı nümayiş etdirilən biganəliyə və xüsusən də Avropa məhkəməsinin qərarına məhəl qoyulmamasına etiraz olaraq, Fətullayev özünün dərhal azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb.
Habelə, Fətullayevlə yanaşı həbsdə iki blogger – Emin Abdullayev (Milli) və Adnan Hacızadə də saxlanılır. RATİ hesab edirik ki, bu il noyabrın 7-də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən parlament seçkiləri ərəfəsində həbsxanada jurnalistlərin olması anormal haldır və onların hamisi dərhal azad edilməlidir.
Previous Post

RATİ-NİN “LİDER” TV-NİN QARAYAXMA MƏQSƏDİLƏ YAYDIĞI PORNOQRAFİK GÖRÜTÜLƏRƏ DAİR BƏYANATI

Next Post

DƏVƏTNAMƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.