ZİYALILAR EYNULLA FƏTULLAYEV VƏ BLOGGERLƏRİN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİB

Azərbaycanın bir sıra tanınmış ziyalıları adından yazıçı Rüstəm İbrahimbəyovun imzası ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətdə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin və gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadənin azadlığa buraxılması da xahiş edilib. Məlumatı “Azadlıq” radiosuna açıqlamasında politoloq Eldar Namazov verib.

Onun bildirdiyinə görə, müraciətin göndərilməsi barədə razılaşma ötən həftə keçirilən “Azərbaycan ziyalıları və müstəqil demokratik dövlətçiliyin qurulması: tarixi təcrübə və müasir dövr” adlı ictimai dinləmələrdə qərara alınıb və ziyalılar adından geniş sənəd memorandumu hazırlanıb.

 

    Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu təxribatı jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir.

 

    Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 

     Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

 

     2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

    Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

GƏNCLƏR BLOGGERLƏRİN HƏBSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİBLƏR

Next Post

SƏRHƏDSİZ REPORTYORLAR BLOGGERLƏRİ AZAD ETMƏYƏ ÇAĞIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.