DAXİLİ QOŞUNLARIN KOMANDANI “NOTA” QƏZETİNİN BAŞ REDAKTORUNU MƏHKƏMƏYƏ VERİB

may 4th, 2009
Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov “ Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylini Cinayət Məcəlləsinin 147.2 maddəsi (böhtan atma) xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bu barədə məlumatı  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ ) Sərdar Əlibəylinin  özü verib. Baş redaktorun dediyinə görə, iddiaya “Nota” qəzetinin son dörd sayında Daxili Qoşunlarla bağlı yazdığı müəllif və araşdırma yazıları səbəb olub. “İddia ərizəsində göstərilir ki, Daxili Qoşunlarla bağlı məqalələrdə şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən  və onu nüfuzdan salan yazılar dərc edilmişdir. Həmçinin məni dəqiqləşdirilməmiş məlumat yaymaqda ittiham edirlər. Halbuki iddiaya səbəb olmuş yazılar dərc olunmazdan qabaq Daxili Qoşunların mətbuat xidməti ilə əlaqə saxlayaraq, komandanla dəqiqləşdirmə aparmaq istədiyimi bildirmişəm. Ancaq Zakir Həsənov heç bir reaksiya verməyib” – deyən Sərdar Əlibəyli, əlavə etdi ki, iddia Xətai rayon məhkəməsinin hakimi Hikmət Hüseynovun icraatındadır və  hazırlıq iclası prosesi 6 may  saat 16:00-da keçiriləcək.
Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Təranə Məmmədova xəbəri təsdiqləyib və RATİ-yə bildirib ki, Sərdar Əlibəyli  baş redaktor olduğu “Nota” qəzetində  Daxili Qoşunların rəhbərliyi haqqında böhtan dolu məqalələr yazdığına görə general-leytenant Zakir Həsənov məhkəməyə müraciət edib.