BEYNƏLXALQ MÜRACİƏT: İFADƏ AZADLIĞINA HÜCUM DAVAM EDİR; GƏNC FƏALLAR HƏDƏFDƏ

Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu “11 Mart – Böyük Xalq Günü” kampaniyası ilə əlaqədar olaraq gənc fəalların və bloggerlərin həbs olunmasını tənqid edən bəyanat yayıb. Qrup gənc fəalların dərhal azad olunmasına və hökuməti ifadə və toplaşmaq azadlığı üzrə məhdudiyyətlərə son qoymağa çağırır.

 

Bəyanatdan:

 

Azərbaycan hakimiyyəti tərəfindən ifadə azadlığı üzərində məhdudiyyətlər və təzyiqlə bağlı məlumatlar son zamanlar artmaqdadır. Bu isə Yaxın Şərq və Şimali Afrikadakı hadisələrdən ruhlanaraq demokratiyaya çağırışların yayılması ilə bağlıdır.

Həbs olunmuş gənc fəallar:fot

• Cabbar Savalanlı – müxalif siyasi fəal – 5 fevral, 2011-ci ildə həbs olunmuşdur. Bu, onun “Facebook” şəbəkəsində etirazlara çağırışlarından sonra baş verdi. Üzərində 0.74 qram tiryək tapıldıqdan sonra o, satış məqsədilə narkotik saxlamaqda ittiham olunur. Keçmişində də narkotik istifadə etməyən və ya saxlamayan Savalanlının tərəfdarları iddia edirlər ki, tiryək onun cibinə  atılıb. Hal-hazırda haqqında həbs qətimkan tədbiri seçilən Savalanlını 3 ilədək həbs cəzası gözləyir.

• Bəxtiyar Hacıyev – blogger və “11 mart” etirazlarının təşkil edilməsində iştirak edən gənc fəaldır. 4 mart 2011-ci ildə hərbi xidmətdən yayınmaqda ittiham olunaraq həbs edilib. Hərbi xidmət Azərbaycanda məcburi olsa da, ölkə Konstitusiyası alternativ hərbi xidmət hüququ verir, Hacıyev də məhz bunu istəyir. Gəncə şəhərində saxlandığı yerdən göndərdiyi məktubda Hacıyev qeyd edir ki, o döyülmüş və polis tərəfindən cinsi təcavüzlə təhdid edilmişdir. Hacıyevin barəsində həbs qətimkan tədbiri seçilib və onu iki ilədək həbs cəzası gözləyir.

• Dəyanət Babayev – müxalifətçi siyasi fəal, 4 mart 2011-ci ildə küçədə mobil telefonla danışdığına görə həbs olunub. Babayev “ictimai asayişi pozduğuna görə” 10 günlük inzibati həbsə məhkum edilib. Həbsi iki gün ictimaiyyətə açıqlanmayan Babayevin müxalifətin 12 marta planlaşdırdığı mitinqlə bağlı olduğunu deyiblər.

• Gənc fəal Rəşadət Axundov və müxalif siyasi fəal Səxavət Soltanlı 8 mart 2011-ci ildə həbs ediliblər. Axundov polisə tabe olmamaqla, Soltanlı isə avtoxuliqanlıqla ittiham olunur. Hər ikisi beş günlük inzibati həbsə məhkum ediliblər. Hər ikisi iddia edir ki, ittihamlar saxtadır.

Həbslərlə yanaşı, bu yaxınlarda Gəncədə yerləşən üç qeyri-hökumət təşkilatının fəaliyyəti dayandırılın və Bakıda yerləşən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları sorğu-suala tutulub. Bir çox fəal internet istifadəçisinin də “Facebook” şəbəkəsindəki fəaliyyətlərinə görə təzyiqlərə məruz qaldığı və polis tərəfindən dindirildiyi barədə məlumatlar var.

Beynəlxalq hüquq Azərbaycan hakimiyyəti üzərində ifadə və toplaşmaq azadlığı hüququna hörmət etmək və qorumaq öhdəliyi qoyur. Aşağıda imzalayan təşkilatlar Azərbaycan hakimiyyətini həbs olunmuş gənc fəalları dərhal azad etməyə, ifadə və toplaşma azadlığını məhdudlaşdıran hərəkətlərə son qoymağı tələb edir.

Aşağıdakı təşkilatlar bu bəyanatı dəstəkləyir:

• ARTIKL 19: Azad ifadə üçün Qlobal Kampaniya
• Freedom House
• İnsan Hüquqları Evi Fondu
• Senzura İndeksi
• Media Müxtəlifliyi İnstitutu
• Norveç Helsinki Komitəsi
• Sərhədsiz Reportyorlar

 

Previous Post

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRAR QƏBUL EDƏCƏK

Next Post

ATƏT-İN MEDİA AZADLIĞI ÜZRƏ NÜMAYƏNDƏSİ AZƏRBAYCANI HƏBSDƏ OLAN JURNALİSTİN TƏQİBİNƏ SON QOYMAĞA ÇAĞ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.