BEYNƏLXALQ İCTİMAİYYƏT XARİCİ RADİOSTANSİYALARIN FM DALĞASINDA YAYIMLANMASINI QADAĞAN EDƏN QƏRARI QINAMAQDA DAVAM EDİR

Milli Televiziya və Radio Şurasının (MTRŞ) dekabrın 30-da xarici radiostansiyaların ("Azadlıq", "Amerikanın səsi" və BBC) milli tezliklərdə yayımının dayandırılması ilə bağlı verdiyi qərara etirazlar davam edir.

Bir çox beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin və MTRŞ-nin bu qərarından təəssüfləndiklərini bildirirlər.
“Amerika Birləşmiş Ştatları xarici radioların Azərbaycanda yayımının bərpasında qərarlıdır”. “Azadlıq” radiosuna müsahibəsində ABŞ-ın Azərbaycandakı  səfirinin müvəqqəti işlər vəkili cənab Don Lu belə deyib.  Lu xarici radioların yayımının dayandırılmasına təəssüflədiyini bildirib: ”Amerikanın Beynəlxalq Yayım Şurası və BBC rəhbərliyi Azərbaycan hökuməti ilə danışıq apararaq, problemi həll etməyə, radioların yayımının bərpasına çalışırlar. Radioların yayımı bərpa olunmasa, bunun Azərbaycana mənfi təsiri olacaq”.
 ABŞ Dövlət Departamenti isə problemlə bağlı xarici işlər naziri Elmar Məmmədyarova məktubla müraciət edib.  Məktubda “Amerikanın səsi”, “Azadlıq”, BBC radiosunun FM tezliyində yayımına qoyulan qadağan ABŞ hökumətinə dərin təəssüf hissi keçirdiyi öz əksinin tapıb(“Bizim yol” qəzeti).
 “Amerikanın səsi” və “Azadlığı” radiostansiyalarını idarə edən ABŞ Yayım Şurasının üzvü Cefri Hirşberq isə bu vəziyyətdə Azərbaycan xalqının uduzduğunu   qeyd edib.
Bu ay Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Bunu BBC-nin Azərbaycan xidmətinə bildirən AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel isə qeyd edib ki, o, sessiyada Azərbaycanda  xarici radioların yayımının qadağan edilməsi və prezidentlik müddətini artıracaq mart referendumu barədə məlumat verəcək.
“Mən ümid edirəm ki, xarici radiostansiyalar Azərbaycan qanunvericiliyinə uyğun olaraq, ölkəmizdə öz yayımlarını davam etdirəcəklər. Həmin radioların burada yayımına heç bir məhdudiyyət yoxdur və bundan sonra da olmayacaq”. Bu sözləri isə  “Bizim Yol” qəzetinə  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
“Hazırda xarici radioların alternativ vasitələrlə yayımı ilə bağlı Milli Televiziya və Radio Şurasından, teleradio yayımı ilə məşğul olan digər müvafiq qurumlardan və xarici radiostansiyaların rəhbərliyindən təkliflər gözləyirik ”. Bu sözləri  isə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Turan” İnformasiya Agentliyinə bildirib. Ə. Həsənov FM tezliklərinin radiolara qaytarılmasının müzakirə mövzusu olmadığını və bu radioların digər alternativ vasitələrlə yayımlanması barədə müzakirələrin aparıldığını qeyd edib.
Previous Post

MƏHKƏMƏ HÜQUQ ŞURASI RATİ-NİN MÜRACİƏTİNƏ BAXIB

Next Post

AZƏRBAYCAN MƏTBUAT ŞURASI “REKET” QƏZETLƏRİN SİYAHISINI AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.