BEYNƏLXALQ İCTİMAİYYƏT GƏNC BLOQÇULARIN AZAD OLUNMASINI İSTƏYİR

ABŞ  Dövlət Departamenti Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı konqresmen Ceyms Moranın sorğusunu cavablandırıb.  “Turan”ın Vaşinqtondakı müxbirinə istinadən yaydığı məlumatda bildirilir ki, cavabda ABŞ-ın əvvəlki kimi gənc bloqçuların həbsdə saxlanılmasından narahat olduğu vurğulanır. Dövlət katibinin hüquq məsələləri üzrə köməkçisi Maykl Polt tərəfindən imzalanmış məktubda bildirilir ki, bu narahatçılıq bloqçuları azad etmək çağırışı ilə birgə Azərbaycanın ali rəhbərlərinin nəzərinə çatdırılıb. Daha sonra məktubda Dövlət Departamentinin bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qoyacağı qeyd olunur.

Qeyd edək ki, konqresmen Ceyms Moran avqustun 24-də dövlət katibi Hillari Klintona müraciət edərək Adnan Hacızadə və Emin Millinin işində pozulmuş ifadə azadlığını müdafiə etməyə çağırıb”.
“Sərhədsiz reportyorlar” təşkilatı isə Adnan Hacızadə və Emin Millinin cinayət işinə baxan hakim Araz Hüseynova müraciət edərək, gəncləri azad etməyə çağırıb. “Sizi Adnan Hacızadə və Emin Millini azad etməyə çağıran hüquq müdafiəçiləri və hökumətlərin səsini eşitməyə çağırırıq. Onlar siyasi səbəbdən həbs edilib və onlar qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır – deyə müraciətdə bildirilir. Müraciəti http://www.rsf.org/Court-confirms-pre-trial-detention.html linkində tam oxuya bilərsiniz.
 
 Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaqın yekununda gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
Previous Post

ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Next Post

AZƏRBAYCANDAKI QALMAQALA GÖRƏ “EUROVİSİON”A YENİ QAYDALAR TƏTBİQ EDİLMƏSİNƏ QƏRAR VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.