İNTERPOL ELMAR HÜSEYNOVUN QATİLLƏRİNİN AXTARIŞININ DAVAM ETDİYİNİ BİLDİRİR

mart 9th, 2010
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sorğusunu cavablandırıb. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin tapılması istiqamətində hansı işlərin görülməsi ilə bağlı İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Sahib Mirzəyevə ünvanlanmış sorğuya qurumun rəis müavini İsmayıl Axundov tərəfindən cavab verilib.

RATİ-yə bu gün (09 mart) daxil olan cavab məktubunda bildirilir ki, sorğuda ünvanlanmış suala İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Sahib Mirzəyev 25 fevral 2010-cu ildə APA-ya müsahibəsində cavab verib.
Qeyd edək ki, sözügedən müsahibədə Sahib Mirzəyev aşağıdakı cavabı verib:

“İnterpolun Milli Mərkəzi Bürosunun və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən edilib. Onlar Gürcüstan vətəndaşlarıdır və hazırda bu ölkədə gizlənirlər. Bir çox ölkənin qanunvericiliyə əsasən, cinayət törətmiş hər hansı ölkənin vətəndaşı başqa ölkəyə verilmir. Bu, yalnız iki ölkə arasında hüquqi anlaşma olarsa, gerçəkləşə bilər. Buna baxmayaq, Azərbaycan hüquq-mühafizə orqanları Elmar Hüseynovun qətlində təqsirləndirilən Tahir Xubanov və Teymuraz Əliyevin tutulması istiqamətində intensiv danışıqlar aparır. Gürcüstan hüquq-mühafizə orqanları ilə aparılan danışıqlara baxmayaraq, bu günədək həmin şəxslərin Azərbaycana verilməsi hələlik təmin edilməyib.”

Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin mart ayının 2-də axşam saat 20 radələrində yaşadığı mənzilin qarşısında odlu silahla (7 güllə) qətlə yetirilmişdir. Ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.