SEYMUR HƏZİYEVİN İŞİ YENİDƏN İSTİNTAQA QAYTARILDI

Abşeron Polis İdarəsi Azadlıq qəzetinin əməkdaşı Seymur Həziyevin oğurlanaraq döyülməsi olayını yenidən araşdırmalı olacaq. Bu barədə mediaright.az saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsi sözügedən işin araşdırması ilə bağlı Abşeron rayon  Polis Şöbəsinin  və Abşeron rayon Məhkəməsinin qərarlarını qanunsuz sayaraq ləğv edib. Apellyasiya Məhkəməsi jurnalistin vəkillərinin tələblərini təmin edərək cinayət işini yenidən istintaqa qaytarıb.  

Xatırladaq ki, “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi 2011-ci il  martın 25-dən 26-na keçən gecə işdən evə qayıdarkən Ceyranbatan qəsəbəsində maskalı şəxslər tərəfindən oğurlanıb, döyülüb və sonra əlləri bağlı halda Bakının Binəqədi kəndində atılıb. İş üzrə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində döymə cinayətinə (Cinayət Məcəlləsinin 132-ci maddəsi) görə cinayət işi başlandı. Ancaq araşdırmaların yekunu olaraq istintaq şöbəsi yetərli dəlillər olmadığını əsas gətirərək cinayət işi üzrə icraatın dayandırılmasına qərar verdi. İstintaq qurumu həmin qərarı S.Həziyevə təqdim etmədi.

Media Hüququ İnstitutunun S.Həziyevi müdafiə edən vəkilləri həmin qərarı qanunsuz hesab edərək Abşeron Məhkəməsinə şikayət etdilər. Ancaq məhkəmə istintaq şöbəsinin qərarına haqq qazandıraraq şikayəti rədd etdi. Abşeron Məhkəməsinin bu qərarından verilən apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsi baxdı. Məhkəmə (hakim  Hüseyn Nəbiyev) Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin və Abşeron Məhkəməsinin iş üzrə qərarlarının qanunsuz olduğu qənaətinə gəldi. Apellyasiya Məhkəməsinin qərarına əsasən cinayət işi yenidən istintaqa qaytarıldı.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ BAŞLADI

Next Post

ANAR BAYRAMLININ HƏBS MÜDDƏTİ UZADILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.