REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ

Cənab prezident!
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan təsisçisi və baş redaktoru Eynulla Fətullayevin bu gün 33 yaşı tamam olur. Jurnalist artıq üç ildir ki, ad gününü dəmir barmaqlıqlar arxasında keçirir.

Bundan başqa, daha iki jurnalist – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Bizim yol” qəzetinin müxbiri Müşfiq Hüseynov da hələ də həbsdə saxlanılırlar. Onların hər üçü tənqidi məqalələrlə çıxış etdiklərinə görə müxtəlif saxta ittihamlarla  şərlənərək həbs olunublar. E.Fətullayev və Q.Zahid beynəlxalq və yerli ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınıblar.
Bu yaxınlarda iki gənc bloqçu – “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və  OL Gənclər hərəkatının koordinatorlarından biri Adnan Hacızadə də şərlənərək, saxta ittihamlarla üz-üzə qalaraq həbs olunublar.  
2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları hələ də tapılmayıb.
Bu ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda fəaliyyət göstərən və siyasi plüralizmə xidmət edən üç radiostansiya – “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının FM tezliyində yayımına xitam verilmişdir.
Cənab prezident!
Fikirlərini azad ifadə etdiklərinə görə jurnalistləri və  KİV-ri təqib etmək Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna xələl gətirir və cəmiyyətin normal demokratik  inkişafına maneçilik törədir.
Siz Azərbaycanda insan hüquqlarının və söz azadlığının inkişaf etdirilməsinin Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biri olduğunu bəyan etmişsiniz. Bundan əlavə, KİV-in İnkişafına Dəstək Fondunu sizin təşəbbüsünüzlə yaradılmışdır. Lakin KİV-ə təkcə maddi yardım etmək  yox, həmçinin siyasi iradə nümayiş etdirərək, jurnalistlərin sərbəst və təhlükəsiz fəaliyyətinə şərait yaratmaq  gərəkdir.
Bütün bunları nəzərə alaraq, eləcə də Konstitusiyamızın sizə verdiyi səlahiyyətlərdən istifadə edərək, media nümayəndələrinə qarşı təxribatlara və qondarma cinayət işlərinə son qoyulması, haqsız həbs olunmuş  jurnalistlərin cəzalarının ləğv edilməsi, onların dərhal azad edilməsi, qətlə yetirilmiş jurnalistin qətlinin sifarişçilərinin və icraçılarının tapılması, FM tezliyində yayımı qadağan edilmiş xarici radiostansiyaların yayımına icazə verilməsi üçün müvafiq addımlar atmağınızı Sizdən xahiş edirik. Jurnalistlərin azadlığa buraxılması Azərbaycanda söz azadlığı sahəsində olan problemlərin kökündən həll olunması istiqamətində müsbət irəliləyiş olacaq.
Hörmətlə,

Emin Hüseynov
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri

Previous Post

EYNULLA FƏTULLAYEV BEYNƏLXALQ MƏTBUAT AZADLIĞI MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Next Post

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİ AVTOMOBİL QƏZASINA DÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.