REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU AVROPA BİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİNƏ MÜRACİƏT ETDİ

Bu gün (15 iyul )Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Avropa Birliyinin (AB) Azərbaycana səfər edəcək nümayəndə heyətinə – Avropa Birliyinin sədri, İsveçi xarici işlər naziri Karl Bildt,  Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Birliyi Şurası katibliyinin nümayəndəsi Paolo Barroso Simos,  Avropa Komissiyasının təmsilçisiləri Karel Kovanda və Con Kyaerə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:
 

Hörmətli cənablar,

     Cənubi Qafqaza səfəriniz çərçivəsində Bakıda keçirdiyiniz görüşlərdə Azərbaycan prezidenti və digər rəsmilərlə bizi narahat edən insan hüquqlarının və söz azadlığının günbəgün pisləşən vəziyyəti ətrafında  müzakirələr aparmağınızı xahiş edirik.

     Qeyd etməliyik ki hakimiyyəti sərt tənqid edən yazılarla çıxış edən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilmiş və onun qətlinin sifarişçiləri və icraçıları hələ də tapılmamışdır.

     Bu ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda fəaliyyət göstərən və siyasi plüralizmə xidmət edən üç radiostansiya – “Azadlıq”, “Amerikanın səsi” və BBC radiolarının FM tezliyində yayımına xitam verilmişdir.

     Həm diffamasiyaya görə, həm də  hökuməti sərt tənqidlərinə  görə beş jurnalist saxta ittihamlarla şərlənərək uzunmüddətli həbsə məhkum olunub və hazirda həbsdədirlər. Onlardan ikisi – “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid vicdan beynəlxalq və yerli ictimaiyyət tərəfindən məhbusu kimi tanınıb.
 

      Bu ayın əvvəli “Yeni Müsavat” qəzetinin köşə  yazarı, Mahal İsmayıloğlu sifarişli məhkəmə qərarına əsasən 2 il azadlıqdan şərti məhrumetmə cəzası məhkum edilib.

     Ötən həftə Azərbaycan müstəqillik tarixindən bu yana ilk dəfə olaraq – iki gənc bloqer – “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri Adnan Hacızadənin hakimiyyətin qəzəbinə tuş qəlib. Belə ki onlar təxribatçılar tərəfindən döyülərək xəsarət almış, zərərçəkmiş qismində polisə şikayət etmələrinə baxmayaraq, təqsirləndirilən şəxs qismində həbs edilmişlər. Jurnalist fəaliyyətinə görə təqiblər və peşə fəaliyyətini yerinə yetirərkən fiziki və mənəvi təzyiqlərə məruz qalma halları getdikcə artmaqdadır.

     18 mart tarixində Azərbaycan Respublikası Konstitusiyasına, 6 mart tarixində “Kütləvi İnformasiya Vasitələri haqqında”  Qanuna, 3 aprel tarixində “Televiziya və radio yayımı haqqında” Qanuna, 30 iyun tarixində isə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilmiş əlavələr və dəyişikliklər də KİV-in və vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmişdir.
 

   Bütün bunları nəzərə alaraq, Azərbaycan rəsmiləri ilə  görüş zamanı insan haqları və media azadlığı  sahəsində müşahidə olunan ciddi pisləşmələrdən söhbət açaraq, Azərbaycan hökumətindən
 

    * “Amerikanın Səsi, “Azadlıq” və BBC Radiolarının FM dalğasında yayımını dərhal bərpa etməyi
    * Azərbaycanın müxtəlif bəhanələrlə qeyri-qanuni həbs edilmiş jurnalistləri azad etməyi
    * böhtan və təhqirə görə cinayət məsuliyyətini ləğv etməyi
    * jurnalistlərə qarşı hücumlarda və jurnalistlərin hüquqlarının pozulmasında məsuliyyət daşıyanları qanunun yol verdiyi son həddə qədər məhkəməyə cəlb etməyi
    * Azərbaycanın milli media bazarında xarici yayımçılara qoyulan qadağanı ləğv etməyi
    * Konstitusiyaya və müxtəlif qanunlara mətbuat azadlığını və vətəndaş cəmiyyətinin inkişafını daha da məhdudlaşdıran dəyişiklikləri ləğv etməyi
    * KİV nümayəndələrinə qarşı təxribatlara və qondarma cinayət işlərinə son qoyulsun, belə qanunsuzluqlarla məsuliyyətə cəlb olunmuş jurnalistlərin cəzaları ləğv etməyi
    * Fiziki təzyiqə məruz qalmış və şərlənərək həbs olunmuş gənc bloqçular – Emin Milli (Abdullayev) və Adnan Hacızadə azad olunsun və onlara xəsarət yetirmiş şəxslər məsuliyyətə cəlb olunmasını

tələb etməyinizi xahiş edirik.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU RAMİL USUBOVA MÜRACİƏT ETDİ

Next Post

BİR QRUP JURNALİST QARABAĞA SƏFƏR ETMƏK İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.