RATİ SƏDRİ EMİN HÜSEYNOVUN MÜALİCƏSİ DAVAM EDİR

iyun 19th, 2008
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun həmtəsisçisi və direktoru Emin Hüseynova polis tərəfindən edilmiş təzyiqlər yerli və beynəlxalq təşkilatların  tərəfində pislənilir.


”Yeni Müsavat” qəzetinin verdiyi xəbərə görə, millət vəkili Fazil Qəzənfəroğlunun sədrlik etdiyi Böyük Quruluş partiyası tərəfindən bu hadisəni pisləyən bəyanat yayılıb. Bəyanatda hadisənin baş verməsində günahı olanların cəzalandırılması tələb olunur:  
“Azərbaycanın heç də ürəkaçan olmayan beynəlxalq imicinə daha ağır zərbə olacaq bu cür halların qarşısının alınması, günahkarların cəzalandırılmasını aidiyyəti orqanlardan tələb edirik”.
“Avropa Şurasının yay sessiyası ərəfəsində belə bir hadisənin baş verməsi  narahatlıq yaradır”. Bu sözləri isə,  “Ölkə” qəzetinə müsahibəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O, baş vermiş hadisəni E. Hüseynovun özü ilə birgə müzakirə edib müəyyən tədbirləri həyata keçirəcəklərini deyib.
Həmin qəzetə müsahibə verən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da E. Hüseynovun döyülməsi hadisəsini pislədiyini bildirib. Baş redaktor onu da bildirib ki, polisin jurnalisti silahla hədələməsi totalitar ölkələrdə belə müşahidə olunmur.
“Azadlıq” qəzetinin verdiyi xəbərə görə isə, Norveçdə fəaliyyət göstərən “İnsan hüquqları evi” Fondu və Norveç “Pen” klubu tərəfindən iyunun 14-də baş vermiş hadisə ilə bağlı Azərbaycanın Baş Prokuroru Zakir Qaralova açıq məktub ünvanlanıb. Məktubda polisin 22-ci Polis Bölməsindəki hərəkətlərinin tam araşdırılması və nəticələrinin ictimaiyyətə açıqlanması xahiş edilir.     
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi də RATİ sədri E. Hüseynovun Polis Bölməsində işgəncəyə məruz qoyulmasını pisləyir. Bəyanat müəllifi hesab edir ki, öz peşə borcunu yerinə yetirən bir jurnalistə qarşı atılmış bu addım Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasından xəbər verir.

Qeyd edək ki, iyunun 14-dən Mərkəzi Klinik Xəstəxanasında müalicə alan E. Hüseynovun səhəti hələ də kafi olaraq qalır. Bu barədə RATİ-yə E. Hüseynovun özü məlumat verib: “Başımda, boyun nahiyəmdə kəskin ağrılar var. Baş gicəllənməsi müşahidə olunur və gözlərimdə də dumanlıq var. Həkimlər isə hələ də müayinələri davam etdirirlər, məndə kəllə beyin travmasının da simptomları var. Müsbət hal odur ki, artıq qida qəbul etməyə başlamışam”.

Belə ki, dünən və bu gün E. Hüseynova xəstəxanada baş çəkənlərin də sayı çox olub. Ziyarətçilər sırasında Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Veronika Kotek, Azərbaycada səfərdə olan Avropa Şurası İnsan Hüquqları Komissiyasının direktor müavini Aleksandır Guessel, Avropa Birliyinin səfiri Alın Vadams, Almaniya, Böyük Britaniya və Yunanıstanın Azərbaycandakı səfirlərinin katibləri, İREX-in rəhbərliyi, hüquq müdafiəçilərindən – Arzu Abdullayeva, Leyla Yunus, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Çingiz Qənizadə,  politoloq Zərdüşt Əlizadə, jurnalist qurumları rəhbərləri və baş redaktorlardan Yadigar Məmmədli, Bahəddin Həziyev, Azər Əhmədov, Arif Əliyev, Əflatun Amaşov, Rövşən Hacıbəyli, Mehman Əliyev, Rəşid Hacılı, Məğrur Bədəlsoy,  Şakir Habiloğlu, siyasilərdən isə Yeni Zaman Partiyasının sədri Musa Ağayev, “Azadlıq” blokuna daxil olan partiyaların sədrləri – Əli Kərimli, Lalə Şövkət Hacıyeva, Əli Əliyev, həbsdə olan jurnalistlərin – Müşfiq Hüseynovun, Qənimət Zahidovun, Eynulla Fətullayevin və Sakit Zahidovun ailə üzvləri, “Dalğa” Gənclər Hərəkatı, “Ernesto Çe Gevaro” fanatları klubu və Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri, Müstəqil Azərbaycan Universitetinin tələbələri və digərləri olub.