EMİN HÜSEYNOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

oktyabr 14th, 2009
Bu gün (14 oktyabr) Bakı Apellyasiya məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) və Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə qarşı qaldırdığı iddiaya əsasən Nəsimi rayon məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə proses keçirilib.

     Prosesdə  iddiaçı tərəfin nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov, cavabdeh tərəfdən isə Nəsimi RPİ-nin və Nəsimi RPİ-nin 22-ci polis bölməsinin vəkili Məzahir Şahbarov iştirak edirdilər.
     Apellyasiya şikayəti üzrə işə məhkəmə istintaqı ilə  baxılması barədə iddiaçının vəkili Elçin Sadıqovun qaldırdığı vəsatət  təmin edilmədi.
     Hakim Nəsimi rayon məhkəməsinin çıxardığı qərarın qüvvədə  qalması və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxardı.
     Qeyd edək ki, Emin Hüseynov 14 iyun 2008-ci il tarixdə “Alaturka” restoranında olan dinc toplantıya polis müdaxiləsinin, jurnalist fəaliyyətinə müdaxilənin, 22-ci polis bölməsində saxlanmasının, bölmədə fiziki və mənəvi təzyiqə məruz qalmasının və bu işlə bağlı səmərəli araşdırma aparılmamasının qanunsuz hesab edilməsi və səhhətinə dəymiş zərərə, həmçinin mənəvi sarsıntılara görə cavabdehlərin hər birindən 50.000  (əlli min) AZN alınaraq ödənilməsi ilə bağlı qaldırdığı iddianın təmin olunmaması ilə bağlı 17 iyun 2009-cu ildə Nəsimi rayon məhkəməsində qərar çıxarılıb.
     Xatırladaq ki, E.Hüseynov 14 iyun  2008-ci il tarixində “ Alaturka” restoranında “Çe Gevara Fanatları Klubu”- nun keçirdiyi tədbir dağıdılarkən, 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqlərə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən Emin Hüseynov 20 gündən artıq xəstəxanada müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.