RATİ İNFORMASİYA AZADLIĞINI MƏHDUDLAŞDIRAN QANUN DƏYİŞİKLİKLƏRİNİ PİSLƏYİR

Reportyorların Azadlıq və Təhlükəsizlik  İnstitutu (RATİ) 12 iyun 2012-ci il tarixdə Milli Məclis tərəfindən “İnformasiya əldə etmək haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlarda edilən düzəlişləri qətiyyətlə pisləyir və hökumət tərəfindən atılan bu addımı informasiya azadlığının məhdudlaşdırılması və korrupsiya hallarının çoxalmasına şəraitin yaradılması kimi qiymətləndirir.

RATİ hesab edir ki, ölkə prezidentinin təklif etdiyi yeni qanun layihələrini Milli Məclisin tez bir zamanda, xüsusi və məqsədli şəkildə qəbul etməsi hakimiyyəti idarə edən siyasi qüvvələr barəsində məlumatların gizli saxlanmasına xidmət edir. O baxımdan Azərbaycan Konstitusiyasına və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə zidd olan yeni dəyişikliklərin ölkədə korrupsiya və mütəşəkkil cinayətkarlığın çiçəklənməsinə səbəb olacağı şübhəsizdir.  

    RATİ bütün bunlardan narahat olduğunu bir daha bəyan edərək bildirir ki, qanunların bu şəkildə qəbul edilməsi söz azadlığını məhdudlaşdırmaq və KİV üzərində hakimiyyətin  nəzarətini gücləndirmək niyyətini daşıyır. Azərbaycan hakimiyyətinin belə bir siyasi addım atması vətəndaşların sərbəst informasiya almasına tətbiq edilən məhdudiyyətdən başqa bir şey deyil. Bu qanunların qəbulu vəzifəli şəxslər tərəfindən jurnalist sorğularına vaxtında və dolğun cavab verilməməsini, onların cinayət məsuliyyətinə cəlb olunmamasını və haqlarında cinayət işi açılmamasını təmin edir.  
    “İnformasiya əldə etmək haqqında” qanuna edilmiş dəyişikliyə görə informasiyanın əldə olunmasına o şərtlə icazə veriləcək  ki, bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Bu cür mürtəce dəyişiklik Azərbaycanın qoşulduğu “İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi (Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər) ilə ziddiyyət təşkil edir.  Belə ki,  qanuna edilmiş dəyişikliklər  Konvensiyanın bu bəndində göstərilmiş məhdudiyyətlərdən fərqlidir və bu da informasiya azadlığını məhdudlaşdırılması deməkdir.

    "Kommersiya sirri haqqında" qanuna edilən dəyişiklik də rəsmən qüvvəyə mindikdən sonra hüquqi şəxslərin kommersiya şirkətlərinin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə informasiyalar konfedensial hesab olunacaq. Belə bilgilər yalnız sorğu əsasında məhkəmə, istintaq və təhqiqat orqanlarına açıqlanacaq. Bu dəyişiklik isə BMT-nin Korrupsiyaya Qarşı Mübarizə” Konvensiyasına və  həmçinin də “BMT-nin terrorçuluğa qarşı mübarizəyə dair” Konvensiyasındakı müddəalarla ziddiyyət təşkil edir.

    RATİ hər üç qanuna edilən dəyişikliklərin nəticə etibarı ilə ölkədə informasiya azadlığının məhdudlaşdırılmasına, hüquqi şəxslərin fəaliyyəti üzərində tələb olunan ictimai nəzarət və şəffaflıq prinsipinin pozulmasına və  inzibati idarəetmə statusu hesabına hakimiyyətin demokratik idarə olunma prinsiplərinin pozulmasına yol açacağından narahat olduğunu bildirir.
    RATİ Azərbaycan hökumətini bu qanuna edilmiş dəyişiklikləri dərhal ləğv etməyə və əksinə informasiya azadlığının inkişafını təmin edən qanunvericilik aktları qəbul etməyə, eyni zamanda öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır.

    RATİ eyni zamanda  Azərbaycanın üzv olduğu beynəlxalq qurumlara, xüsusilə  BMT, Avropa Şurası və ATƏT rəhbərliyinə müraciət edərək onları Azərbaycanda ifadə azadlığının müdafiəsinə qalxmağa və  Azərbaycanın siyasi hakimiyyətinə qarşı sərt tələblər irəli sürməyə çağırır.

     

Previous Post

RATİ MEHMAN HÜSEYNOV BARƏSİNDƏ SAXTA İTTİHAMA XİTAM VERİLMƏSİNİ TƏLƏB EDİR

Next Post

BEYNƏLXALQ TƏŞKİLATLAR MEHMAN HÜSEYNOVA CİNAYƏT İŞİNİN AÇILMASINDAN NARAHATDIRLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.