RATİ MEHMAN HÜSEYNOVUN TUTULMASINI PİSLƏYİR, YERLİ VƏ BEYNƏLXALQ QURUMLARI TƏCİLİ TƏDBİR GÖRMƏYƏ ÇAĞ

    Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) öz əməkdaşı və “Turan” İnformasiya Agentliyinin reportyoru, eyni zamanda multimedia jurnalisti Mehman Hüseynovun həbsini qətiyyətlə pisləyir, və Mehmana daha  uzunmüddətli ədalətsiz həbs cəzasının verilməsinin qarşısının alınması üçün yerli və beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə çağırır.

23 yaşlı Mehman Hüseynov 12 İyun 2012-ci il tarixində Səbail Rayon Polis İdarəsinə çağırılmış və həmin gün Bakı vaxtı ilə saat 21:00 radələrində 48 saat müddətinə həbs olunmuşdur. O, Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. Hazırkı məqamda Mehman Hüseynovun həbsi ilə bağı məhkəmə qərarı yoxdur, amma 48 saatlıq müddət başa çatdıqdan sonra onu həbsdə saxlamaq üçün və ya barəsində həbs-qəti imkan tədbiri görmək üçün məhkəmə qərarına ehtiyac olacaq. Mehman Hüseynova qarşı ittihamların səbəbi 21 May 2012-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirilən razılaşdırılmamış aksiyada çəkiliş apardığı zaman onunla polis arasında baş verən şifahi mübahisə olmuşdur. Mehman Hüseynov aksiya zamanı öz peşə borcunu yerinə yetirərkən digər jurnalistlər, onun RATİ-dən olan həmkarları və aksiyaçılar kimi o da polis zorakılığına məruz qalmışdır. Belə ki, polis Mehmanın kamerasını sındırmışdı. Əgər təqsiri sübuta yetirilsə Mehmanı bir ilə qədər həbs cəzası gözləyə bilər.
 
    RATİ hesab edir ki, Mehmana qarşı olan ittihamlar tamamilə əsassızdır, və onun tutulmasının əsas səbəbi onun peşəkar fəaliyyətidir. RATİ Mehmanın tutulması sifarişinin Azərbaycan hökumətinin ən yüksək dairələrindən gəldiyindən şübhələnir və bu addımın RATİ və Mehman Hüseynovun hüquq müdafiəsi sahəsində, xüsusilə Avroviziya mahnı müsabiqəsi çərçivəsində həyata keçirdikləri fəaliyyətlərinə görə qisas olduğunu hesab edir.
 
    Mehman Hüseynov Azərbaycanın ən tanınmış multimedia jurnalistlərindən biridir. Onun video və foto xəbərləri sosial şəbəkələrdə geniş yayılmışdır, yerli və beynəlxalq mətbuat vasitələri tez-tez bu foto və videolardan istifadə edir. Mehman Hüseynov bir çox xarici media vasitələri ilə, xüsusilə iki həftə bundan əvvəl Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsi çərçivəsində, əməkdaşlıq etmişdir, və o, xüsusilə “Demokratiya Naminə Oxu” (“Sing for Democracy”) kampaniyasında  fəal iştirak etmişdir.
 
Mehman Hüseynov Beynəlxalq Mediaya Dəstək (İMS) təşkilatı (www.i-m-s.dk) tərəfindən dəstəklənən və  RATİ tərəfindən həyata keçirilən Azərbaycan Gənclər Media Mərkəzinin koordinatorudur.
 
    Mehman Hüseynov alman jurnalistlərin Avroviziya barədə çəkdikləri qısametrajlı sənədli filmdə də  http://bit.ly/KNhNEZ yer almışdır və bu film Almaniyada yayımlanıb.
    Hüseynov həmçinin 2010-cu ildə ABŞ Dövlət Departamentinin Demokratiya Mövzusunda Foto Müsabiqəsinin qaliblərindən biri olmuşdur http://1.usa.gov/LI3Wju .

     Mehmanın “Youtube” video portalındakı kanalına 2000-ə qədər abunəçi yazılmışdır və onun videolarına 2.5 milyon dəfə baxılmışdır http://bit.ly/NwNkMr .
 
    Mehman Hüseynov bundan əvvəl 11 mart 2011-ci ildə Daxili İşlər Nazirliyin işçiləri tərəfindən tutulmuşdu. Onun qolları qandallanmış və o, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. Orada Hüseynov sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı sorğu-sual edilmiş və ona daha az fəallıq göstərmək tövsiyə olunmuşdu. Mehman Hüseynov RATİ direktoru Emin Hüseynovun qardaşıdır.
 
    
RATİ hökuməti Mehman Hüseynovu dərhal azadlığa buraxmağa çağırır. Bundan başqa, RATİ beynəlxalq təşkilatları da Mehman Hüseynovun dərhal azad edilməsini və ona qarşı olan ittihamların dərhal götürülməsini tələb etməyə çağırır. Mehman Hüseynovun 48 saatlıq həbs-qətimkan tədbirinin daha uzunmüddətli həbs cəzasına çevrilməsinin qarşısının alınması üçün təcili tədbirlər görülməsi çox zəruridir.
 

Previous Post

“EUROVİSİON MƏHBUSU”- MEHMAN HÜSEYNOV

Next Post

MHİ DİFFAMASİYA QANUNUNUN QƏBUL EDİLMƏSİ ÜÇÜN KAMPANİYAYA BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.