REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu iyunun 19-da parlamentin növbədənkənar iclasında müzakirəyə çıxarılacaq "Qeyri-Hökumət təşkiltları (Fondları) haqqında" Qanuna dəyişikliklər və əlavələrlə bağlı çox ciddi narahatlığını bildirir.

RATİ hesab edir ki, sözügedən əlavə və dəyişikliklərin qəbul edilməsindən sonra "Qeyri-Hökumət təşkiltları (Fondları) haqqında" Qanun QHT sektorunun demokratik fəaliyyət əhatəsinin daralmasına və məhdudlaşmasına gətirib çıxaracaq. QHT-lər haqqında qanuna təklif olunan dəyişikliklərə görə, QHT-lərin qeydiyyat məsələsinin sərtləşdirilməsi, xarici QHT-lərin Azərbaycandakı nümayəndəliklərinin fəaliyyətinin isə faktiki qadağan olunması yer alıb.  
Belə ki, "Qeyri-Hökumət təşkiltları (Fondları) haqqında" Qanunun 4-cü maddəsində  (QHT-lərin qanunvericilikdə nəzərdə tutulmuş istənilən təşkilati-hüququ formalarda təsis oluna bilər), 6.2-ci maddəsində (QHT-nin ümumazərbaycan hesab edilməsi üçün respublikanın 1/3, regional təşkilatlar üçün isə üç və ya daha artıq inzibati ərazi vahidlərini əhatə etməlidir)  7.7-ci maddəsində ((xarici dövlətlərin QHT-lərinin və onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir) 9.3-cü maddəsində maddəsində (Qanun pozuntularına yol verdiyinə görə müəyyn olunmuş qaydada ləğv edilən QHT təsisçisinə məhkəmənin qərarı ilə beş ilədək müddətə digər QHT təsis edilməsi qadağan edilə bilər), 9.4-cü maddəsində  (Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər QHT təsisçisi ola bilməzlər), 9.5-ci maddəsində (Milli, irqi və ya dini düşmənçiliyin salınmasına görə məhkum cəlb edilmiş şəxslər QHT təsisçisi ola bilməzlər), 10.4–cü maddəsində (İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra 30 gün müddətində üzvlərinin reysterinin aparılmasını təmin etməli və həmin reysterin məlumatlarını 15 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Üzvlərinin reysterində olan dəyişikliklər barədə  15 gün ərzində müvafiq icra hakimiyyəti orqanına məlumatlarını verməlidir), 12.1.1-ci maddəsində (Fond yaradılarkən onun nizamnamə kapitalı 50 min manatdan az olmamalıdır),  12.3-cü maddəsində (Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi, ictimai təhlükəsizlik və ya ictimai qayda üçün təhlükə törədən, irqi, milli, və ya dini ayrıseçkiliyi təşviq edən, habelə mənəviyyatı təhqir edən QHT-lərin yaradılmasına yol verilmir), 12.4-cü maddəsində (Adı əhalinin yanılda bilən, habelə dövlət qeydiyyatına alınmış digər QHT ilə eyni ada malik olan QHT-lərin yaradılmasına yol verilmir), 12.5-ci maddəsində (Azərbaycan Respublikasında xarici dövlətlər, habelə xarici hüquqi və fiziki şəxslər tərəfindən mütəmadi olaraq maliyyələşdirilən xarici ölkələrin QHT-lərin filial və nümayəndəliklərinin açılmasına yalnız həmin dövlətlərlə müvafiq dövlətlərarası müqavilə mövcud olduqda yol verilir) 16.2-ci maddəsində (xarici dövlətlər, habelə xarici hüquqi və fiziki şəxslər tərəfindən mütəmadi olaraq maliyyələşdirilən QHT-lərin Azərbaycan Respublikasında dövlət qeydiyyatı həmin dövlətlə Azərbaycan arasında bağlanmış beynəlxalq müqavilələr əsasında həyata keçirilir) 16.3-cü maddəsində (Dövlət qeydiyyatına alınmaq üçün müraciət etmiş QHT-nin  Qanunun 12.3-ci maddəsinə uyğunluğu, habelə onların cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluq və ya terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsinin yoxlanılması üçün  dövlət qeydiyyatı orqanı müvafiq  icra hakimiyyəti orqanlarına sorğu göndərir. Müvafiq icra hakimiyyəti orqanları 30 gün müddətində məsələyə dair rəyini dövlət qeydiyyatı orqanına təqdim edir.Rəydə qeyri-hökumət təşkilatının  dövlətin konstitutusiya quruluşunun əsasları və təhlükəsizliyi, ictimai təhlükəsizlik və ya ictimai qayda üçün təhlükə törətdiyi, habelə irqi, milli və ya dini ayrıseçkiliyi təşviq etdiyi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluq və (vəya) terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsi olması barədə kifayət qədər əsasların olduğu göstərilərsə, həmin təşkilatın dövlət qeydiyyatından imtina edilir)  16.4-cü maddəsində (Qeyri-hökumət  təşkilatı yalnız hüquqi şəxs kimi dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyətə başlaya bilər), 16.5-cü maddəsində (Qeyri-hökumət təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsi onu adından çıxış edən və ya fəaliyyət göstərən şəxs (şəxslər) üçün inzibati məsuliyyətə səbəb olur.Qeyri-hökumət təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərməsinə görə onun adından çıxış edən və ya fəaliyyət göstərən şəxs (şəxslər) inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin təşkilat fəaliyyətini davam etdirdikdə müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən bu qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə tərəfindən qadağan edilə bilər), 17.1-ci maddəsində (QHT-lərin dövlət qeydiyyatına alınmasından yalnız bu Qanun və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər) 20-ci maddəsində (QHT bu Qanunda və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında AR qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər), 24.2-ci maddəsində  (QHT-lərin əmlakının 50%-dən artıq hissəsi xarici mənbələr hesabına formalaşdırıla bilməz), 29.4-cü maddəsində (QHT təşkilatı auditor rəyi ilə birlikdə illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir), 29.5-ci maddəsində (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı QHT-lərin fəaliyyətində qanunvericiliyə əməl olunmasına nəzarət həyata keçirir) və 31.6-cı maddəsində (QHT auditor rəyi ilə birlikdə illik maliyyə hesabatını müəyyən olunmuş müddətdə təqdim etmədikdə, müvafiq icra hakimiyyəti orqanı həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın və auditor rəyinin 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat və auditor rəyi təqdim olunmadıqda müvafiq icra hakimiyyəti orqanı QHT-nin ləğv edilməsi üçün məhkəməyə müraciət edir) nəzərdə tutulmuş əlavə və dəyişikliklərin hamısı QHT-lərin fəaliyyətinin məhdudlaşmasına, dövlət qurumlarından asılılığını təmin etməyə və təşkilatların bağlanmasına yönəlmişdir.

Bu maddələr Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsi (Birləşmək hüququ), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsi (Yığıncaqlar və birləşmək azadlığı) və Azərbaycanın da qəbul etdiyi digər beynəlxalq qanunlarla ziddiyyət təşkil edir.

RATİ vətəndaş cəmiyyətinin iştirakı olmadan təklif edilən müddəaların  vətəndaş cəmiyyəti üzvlərinə qarşı yönəlmiş növbəti avtoritar addım hesab edir və bəyan edir ki, demokratik prinsiplərə tamamilə zidd olan bu layihənin qəbul olunması Azərbaycanın demokratik baxımdan beynəlxalq arenada heç də yaxşı olmayan imicinə daha da mənfi təsir göstərəcək.

RATİ beynəlxalq ictimaiyyəti bu antidemokratik qanun dəyişikliyinə göz yummamağa, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəaliyyət göstərən QHT-lərə dəstək olmağa və Qanuna sözügedən dəyişikliklər qəbul edilərsə, demokratiyanın inkişafı ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə Azərbaycan hökumətinə qarşı sərt sanksiyalar tətbiq etməyə çağırır.

RATİ Azərbaycan hakimiyyətini sözügedən Qanuna dəyişiklik və əlavələr edilməsi layihəsini qəbul etməməyə və “Qeyri-Hökumət təşkiltları (Fondları) haqqında" mövcud Qanunu daha da liberallaşdırmağa və QHT-lərin qeydiyyatınının sadələşdirilərək “bir pəncərə” sistemi ilə aparılmasına çağırır.

Previous Post

ABŞ DÖVLƏT DEPARTAMENTİ AZADLIQ VƏ DEMOKRATİYA SAHƏSİNDƏKİ VƏZİYYƏT BARƏDƏ HESABATINI AÇIQLADI

Next Post

MƏHKƏMƏ PROSESİ NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.