RATİ həbsdə olan jurnalistlərə dəstək kampaniyasına start verib

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) öz peşə fəaliyyətinə görə həbs olunmuş jurnalistlərlə həmrəylik və onlara (onların ailələrinə) dəstək kampaniyasına start verib. 8 sentyabr Beynəlxalq Jurnalistlər Günü münasibəti ilə  RATİ həbsdə olan jurnalistlərə və onların ailələrinə maddi yardım məqsədilə ianələrin toplanmasına çağırıb.  

“Həbs olunmuş jurnalistlərin ailələri təkcə mənəvi deyil, həm də maddi sarsıntı keçirir. Kiçik bir dəstək onlara və onların ailələrinin həyatına mühüm təsir göstərə bilər” deyə RATİ sədri Emin Hüseynov “Azərbaycan Media və İnsan Hüquqları Mərkəzi”ndə avqustun 7-də keçirilən kampaniyanın elan olunması tədbirində bildirib.

“RATİ həbs olunmuş jurnalistlərin ailələri ilə daimi təmas saxlayaraq onlara bacardığı maddi və hüquqi yardımı göstərir, lakin çox ağır günlər yaşayan bu ailələrə daha böyük dəstək vermək üçün geniş və ölkəmiqyaslı kampaniyaya ehtiyac vardır” deyə Hüseynov vurğulayıb.

Kampaniyaya iki məqsədlə start verilib: həbs olunmuş jurnalistlərlə həmrəyliyi daha da gücləndirmək və Azərbaycanın Cənubi Qafqazda ən böyük jurnalist həbsxanası olduğuna diqqəti çəkmək. Hal-hazırda Azərbaycanda həbsdə olan 8 jurnalist vardır – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, müstəqil jurnalistlər Fərəməz Allahverdiyev (Novruzoğlu) və Fuad Hüseynov, “Tolışi Sado” qəzetinin redaktoru Hilal Məmmədov, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu, azadxeber.org saytının Nicat Əliyev,xeber44.com saytının redaktoru Araz Quliyev və “P.S. Nota” qəzetinin redaktoru Sərdar Əlibəyli.

Vəsaiti fərdi olaraq və kollektiv şəkildə təqdim etmək olar.

Pullar həm nağd şəkildə RATİ-nin ofisində, həm də xüsusi hesabda qəbul edilir.

Şəffaflıq üçün kampaniyanın sonunda verilmiş ianələr haqqında bütün məlumatlar ictimaiyyətə təqdim ediləcək. Aksiya iştirakçıları öz istəklərinə görə anonimliyin qorunub saxlanmasını istəyə bilərlər.

 

Previous Post

RATİ Avropa Şurası Komissarının Azərbaycanda insan hüquqlarının durumunun yaxlılaşdırılmasına dair çağırışlarını alqışlayır

Next Post

Rabitəyə nəzarət şəxsi həyatın toxunulmazlığı hüququnu və azadlığı sarsıdır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.