RATİ Avropa Şurası Komissarının Azərbaycanda insan hüquqlarının durumunun yaxlılaşdırılmasına dair çağırışlarını alqışlayır

Nils Muižnieks (PHOTO: www.coe.int)

Nils Muižnieks (PHOTO: www.coe.int)

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Avropa Şurası İnsan Haqları üzrə komissarı Nils Muizniksin bu gün Azərbaycan hökumətinə oktyabr seçkiləri ərəfəsində fundamental azadlıqların təmin olunmasının əhəmiyyəti ilə bağlı verdiyi güclü mesajı alqışlayır.
Komissarın bu gün ictimailləşdirilən hesabatı məlum edir ki, Azərbaycanda ifadə və sərbəst toplaşmaq azadlığının təmin olunması məsələsinə gəldikdə Azərbaycanda bu sahədə çoxlu iş görülməlidir. Lakin Azərbaycan hökumətinin bu hesabatla bağlı mövqeyindən görünür ki, Azərbaycan bu sahədə dəyişikliklər etməyə meylli deyil.
“Biz Komissar Muizniksin Azərbaycanda insan haqlarının vəziyyətini dərindən təhlil etməsini təqdir edirik. Bu hesabat Azərbaycanın müstəqil vətəndaş cəmiyyəti tərəfindən ifadə olunan fikirləri bir daha təsdiqləyir”, -deyə RATİ sədri Emin Hüseynov bildirib.
RATİ təəssüflə bildirir ki, ifadə azadlığının ciddi və davamlı pozulmasını etiraf etmək və bu pozuntuları edən şəxsləri məsuliyyətə cəlb etmək vədi vermək əvəzinə Azərbaycan hökuməti tənqidləri rədd edərək hesabatda “balans” olmadığını bildirib.
“Ölkədə medianın sərbəst fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb”,-deyə komissarın hesabatına dair Azərbaycan hökumətinin rəyində deyilir.
“Azərbaycanda ifadə azadlığının durumunun yaxşı olduğunu iddia etməklə hökumət beynəlxalq təhlil və tənqidə dözümsüzlüyünü bir daha təsdiq edir”, -deyə Hüseynov qeyd edib.
RATİ komissarın hesabatına dair Azərbaycan hökumətinin rəyində istinad olunmuş Azərbaycan Prezidentinin 2009-cu ilin aprelində verdiyi bəyanatında səslənmiş bu fikri (“jurnalistlərlə hər hansı mübahisə onların həbsi ilə deyil, beynəlxalq təcrübəyə uyğun olaraq həll olunmalıdır”) alqışlayır. Komissarın hesabatında irəli sürülmüş tövsiyələrin yerinə yetirilməsi Prezidentin bu fikrinin real olduğunu göstərə bilər.
RATİ bir daha hesabatı alqışlayaraq ona öz birmənalı dəstəyini ifadə edir. ” Avropa Şurasının Azərbaycanda insan hüquqlarının durumunu diqqətdə saxlaması, insan hüquqları sahəsində vətəndaş cəmiyyətinin işinə dəstək göstərməsi çox əhəmiyyətlidir”,-deyə RATİ sədri əlavə edib.
RATİ insan hüquqları komissarının öz fikirlərinə görə həbs olunmuş bütün insanların azad olunması, ifadə və sərbəst toplaşmaq azadlıqları sahəsində qanunvericilik və real vəziyyətin yaxşılaşdırılması üçün təcili tədbirlərin görülməsi çağırışlarına qoşulur.
RATİ beynəlxalq təşkilatları ikitərəfli və çoxtərəfli müstəvidə bütün imkanlardan istifadə etməklə, Azərbaycan hökumətindən ifadə azadlığı və insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərini xüsusilə də seçkiqabağı dövrdə yerinə yetirməsi üçün təzyiqləri artırmağa çağırır.

Previous Post

Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca azad söz boğulur

Next Post

RATİ həbsdə olan jurnalistlərə dəstək kampaniyasına start verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.