RATİ mediaya qarşı polis zorakılığı ilə bağlı cavab tələb edir

972270_600837443269430_212033403_n

Repotyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ötən bir neçə gün ərzində Bakı polisinin jurnalistlərə qarşı törətdiyi zorakılığı qətiyyətlə pisləyir. RATİ hökuməti jurnalistlərə qarşı hücumlara və fiziki təzyiqlərə son qoymağa çağırır.

Türkiyədə Gezi parkının sökülməsinə qarşı may ayının 27-dən başlamış kütləvi aksiyalara dəstək olaraq Bakıda keçirilən dinc etiraz aksiyalarını işıqlandırarkən azı dörd jurnalist- ANS TV əməkdaşları Elnarə Məmmədovayla Firuz Ağayev və RATİ əməkdaşları Rasim Əliyevlə Mehman Hüseynov hüquq mühafizəçilərinin təzyiqinə məruz qalıb.

RATİ əməkdaşı Rasim Əliyevə qarşı polisin xüsusi zorakılıq etməsi onun həmkarı Mehman Hüseynov tərəfindən lentə alınıb. Kardlarda Əliyevin sərt sillə və yumruq zərbələri aldığı aşkar görünür.

“Kütləvi aksiyaları və nümayişləri işıqlandıran jurnalistlərə qarşı hücumların artması və Bakıda fəaliyyət göstərən xarici diplomatik korpusların baş verənlərə susqun yanaşması narahatlıq doğurur. Reportyorlar polisin fəaliyyətinə müdaxilə etmirsə və qanunları pozmursa onların askiyalar zamanı çəkiliş aparmasına şərait yaradılmalıdır” deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib.

Nümayişlər zamanı medianın fəalliyyətinə mane olmamaq hüquq-mühafizə orqanlarının konstitusional vəzifəsidir və jurnalistlərin polis tərəfindən ədalətli və təmkinli davranılma hüquqları var. Medianın fəaliyyətinə müdaxilə Azərbaycan Konstitusiyasının 50-ci maddəsi (informasiya azadlığı) və Avropa Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) ilə zəmanət verilən informasiya əldə etmək hüququnun pozulmasıdır. Jurnalistin peşə fəaliyyətinə mane olmaq eyni zamanda Cinayət Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq cinayət məsuliyyəti yaradır.

ATƏT-ə üzv dövlət olaraq Azərbaycan öz üzərinə ifadə və sərbəst toplaşmaq azadlıqlarının təmin olunması və jurnalistlərin fəaliyyətinə heç bir hüquqi və administrativ maneənin yaradılmaması öhdəliyi götürüb[1]. Azərbaycan həmçinin “jurnalistlərə edilən bütün hücumları və digər formada təzyiqləri pisləmək və bu əməlləri törədən şəxsləri məsuliyyətə cəlb etmək üçün çalışmaq” öhdəliyi götürüb[2].  Bundan başqa “ATƏT/DTİHB-nin Dinc Toplaşma Azadlığı haqqında təlimatları” da medianın rolunu aydın təsvir edir.[3]

Jurnalist təhlükəsizliyi haqqında öz son qətnaməsində BMT İnsan Haqları Şurası jurnalistlərə qarşı təqib və hədə-qorxu daxil olmaqla bütün hücum və zorakılıq hallarını çox kəskin şəkildə pisləyib.

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin Ofisi 2007-ci ildə aksiyalar zamanı media ilə necə rəftar edilməsi ilə bağlı xüsusi hesabat dərc edib. Hesabat aşağıdakı linkdədir http://www.osce.org/fom/25744

RATİ hökuməti tam və obyektiv araşdırmalar aparmaqla jurnalistlərə təzyiq göstərmiş polis əməkdaşlarını aşkar edərək cəzalandırmağa çağırır, çünki cəzasızlıq mühiti zorakılığın daha da artmasına rəvac verir.

RATİ ölkə Prezidentini  bu təzyiqləri araşdırmaq üçün şəxsən göstəriş verməyə çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.



[1]  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (ATƏK) İnsan Ölçüsü üzrə Konfransının Kopenhagen Görüşü Copenhagen (iyun 1990-cu il) (7.8)

 

[2] Yeni dövrdə Həqiqi Tərəfdaşlığa Doğru (ATƏK Sammiti, Budapeşt) Fəsil VIII, İnsan Ölçüsü: Dözümlülük və ayrı-seçkiliyin salınmaması.

 

[3] “Sərbəst toplantıların müstəqil işıqlandırılmasının təmin olunmasında jurnalistlərin mühüm rolu vardır. Buna görə də hökumət onları aksiya iştirakçılarından fərqləndirməli və onlara mümkün qədər geniş fəaliyyət imkanları tanımalıdır.” Fəsil A ‘Sərbəst Toplaşma Azadlığı qanunvericiliyinin tətbiq edilməsi’ (9) səh17.

Previous Post

RATİ əməkdaşları polis təzyiqi ilə üzləşiblər

Next Post

Polis səyyar qəzet satanları saxlayıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.