BƏYANAT

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu "Nota bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiyevin (Novruzoğlu) ötən həftə ölümlə hədələnməsi faktından son dərəcə narahatdır. 

"Elmar Hüseynovun qatilləri tapılmayıb, heç sənin də qatillərin tapılmayacaq" və "Biz sənin uşaqlarını oğurlayarıq" kimi ifadələrdən istifadə olunaraq hədələr tam açıq şəkildə səsləndirilib.  Sonuncu hədə bizi xüsusilə narahat edir, belə ki, RATİ əvvəllər jurnalistin özü ilə yanaşı ailə üzvlərinə qarşı hədələrin edilməsi hallarına rast gəlməyib və bunu təziqin yeni bir növü kimi qiymətləndirir.  
            Allahverdiyev həbsdən çıxdıqdan sonra  "Nota bene" qəzetində özünün "Qızlar bulağı faciəsi" romanını hissə-hissə çap etdirməyə başlayıb. Roman son 20-30 il ərzində Azərbaycanda baş verən hadisələr və bu hadisələrin iştirakçıları olan şəxslərdən bəhs edir. Əsərin qəhrəmanlarının adı şərtidir və onların hamısı indiki hakimiyyətdə yüksək vəzifə tutan şəxslərdir. Jurnalist onun kimlər  tərəfindən hədələndiyini təxminən bilir, lakin həmin şəxslər tərəfindən böhtan ittihamı ilə  məhkəmə təqibindən qorunmaq üçün hələlik onların adını mətbuata açıqlamaq istəmir.
     Xatırladaq ki, Allahverdiyev 2007-ci ilin sonunda əfv fərmanı ilə həbsdən azad edilib. O 30 yanvar 2007-ci ildə Daxili İşlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Komitənin sədri Nazim İbrahimovun iddiası əsasında böhtan və təhqir ittihamları ilə 2 il 6 ay azadlıqdan məhrum edilmişdi.
      Allahverdiyevlə yanaşı, fevralın 16-da RATİ-yə məlumat daxil olub ki, "Şou Akademiya" qəzetinin baş redaktorunun müavini Vüqar Kamiloğlu məşhur Azərbaycan müğənnisi Ədalət Şükürov tərəfindən ölümlə hədələnib. Kamiloğlu bu yaxınlarda ATV telekanalının "El içində" verilişində iştirak edərkən “Əməkdar artist" olan Şükürovun və eləcə də başqa bir müğənni Nuranın səslərinin olmadığına görə onları tənqid etmişdi. Kamiloğlu eyni zamanda Şükürov və Nuranın fonoqramdan istifadə etdiklərini də söyləmişdi.
  Bu hədələnmə ilə bağlı yeganə hadisələr deyil.  Keçən il jurnalistlərə qarşı ölüm hədələri sürətlə artmışdır. Elə bu ilin yanvar ayının sonunda da "Gündəlik Azərbaycan" qəzetinin redaktoru, müstəqil jurnalist Üzeyir Cəfərova mindən artıq hədələyici zənglər gəlmişdi. Bu zənglər Apellyasiya Məhkəməsində jurnalistin hüquq-mühafizə orqanlarına  qarşı irəli sürdüyü şikayətə baxılarkən edilmişdi.  Şikayət 20 aprel 2007-ci il tarixində jurnalistə qarşı törədilən və jurnalistin başından ciddi zədə alması ilə nəticələnən hücum ilə bağlı işin açılmasında hüquq-mühafizə orqanlarının hərəkətsizliyindən verilmişdi. "Yeni Müsavat" qəzetinin Naxçıvan bölgə müxbiri Həkimeldostu Mehdiyev, "24 Saat" qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu, həbsdə olan jurnalist, "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və RATİ-nin həmtəsisçisi, Turan İnformasiya Agentliyinin müxbiri Sarvan Rizvanov (təhlükəsizliyini təmin etmək üçün o xaricə köçmüşdür) 2007-ci ildə gizli nömrələrdən edilən zənglərlə ölümlə hədələniblər .
     Bu hadisələrlə bağlı hüquq- mühafizə orqanlarına edilən şikayətlərin heç biri öz həllini tapmayıb və RATİ-də olan məlumata görə, hələ indiyə kimi bir nəfər də olsun Azərbaycanda KİV nümayəndəsinə etdiyi hədələrə görə cinayət məsuliyyətinə cəlb olunmayıb.  
      RATİ Azərbaycanın hüquq-mühafizə orqanlarını bütün jurnalistlərə qarşı edilən hədələri araşdırmağa və problemin həllini tapmağa çağırır. Bu tamamilə mümkündür və bu işdə yalnız rabitə operatorlarından zənglər haqqında çıxarışlar  almaq kifayətdir. Çünki rabitə operatorları bu zənglərin hansı nömrələrdən edildiyini asanlıqla müəyyənləşdirə bilər. Bununla əlaqədar RATİ mobil və şəhər-stasionar telefon rabitəsi operatorlarının əməkdaşlıq nümayiş etdirməsini xahiş edir.
      RATİ beynəlxalq təşkilatları da bu vəziyyəti yaxından izləməyə, Azərbaycanın hüquq-mühafizə orqanlarından jurnalistlərə qarşı edilən hədələrin dərindən araşdırılmasını və bu hədələri, döyülmələri və hətta jurnalist qətllərini törədənlərin cəzasız qalmasına son qoyulmasını  tələb etməyə çağırır.

Previous Post

İDDİA ƏRİZƏSİ YENİDƏN MƏHKƏMƏYƏ TƏQDİM EDİLƏCƏK

Next Post

DAHA BİR JURNALİST ÖLÜMLƏ HƏDƏLƏNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.