NAMƏLUM ŞƏXS JURNALİSTİ VƏ AİLƏSİNİ ÖLÜMLƏ HƏDƏLƏYİB

dekabr 8th, 2011
Dekabrın 6-da saat 12:54-da “Xural” qəzetinin baş redaktoru və “Azadlıq” qəzetinin köşə yazarı Anar Mahmudoğlunun mobil telefonuna 012 – 514-28-67 nömrəli telefondan zəng edən naməlum şəxs onu və övladlarını öldürməklə təhdid edib.

Bu barədə xural.com saytı məlumat yayıb.

A.Mahmudoğlunun telefonuna zəng edən şəxs bildirib ki, “Sən son zamanlar qudurmusan, çox sərt yazırsan. Səni tikə-tikə doğrayacağıq, bağırsaqlarını çölə tökəcəyik, bilirik ki, sənin qızların var. Onların harada oxuduğunu, saat neçədə və hansı maşınla məktəbə getdiyini bilirik. Gör, onların başına nə oyun açırıq.”

A.Mahmudoğlunun telefonuna edilən zəngdən beş dəqiqə sonra, saat 12:59-da eyni nömrədən “Xural” qəzetinin redaktoru Nurəddin Xocanın mobil telefonuna zəng edilib. Naməlum şəxs N.Xocaya təhqiramiz ifadələr deyərək, ona “Gah “Boz Qurd” olursan, gah Xoca olursan. Belə qudurmusuz ki, “ASİ” ni buraxırsız?” kimi hədə-qorxu dolu ifadələr deyiblər.

Baş vermiş hadisə ilə bağlı A.Mahmudoğlu dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verib. Bundan sonra A.Mahmudoğlu hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə dəvət edilib və izahat alınıb. Polis Bölməsindən operativ təhqiqat qrupunun yaradıldığı bildirib.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. 4 dekabr 2011-ci ildən isə “Xural” qəzetinin  kollektivi  “Asi” (Azad Söz İnqilabçıları)  qəzetinin nəşrinə başlayıblar.