MEDİA HÜQUQU İNSTİTUTU VƏKİLƏ QARŞI EDİLMİŞ QANUNSUZ HƏRƏKƏTLƏRİ PİSLƏYİR

Dekabrın 6-da Media Hüququ İnstitutu (MHİ)  vəkil Elçin Sadıqova qarşı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında edilmiş qanunsuz hərəkətləri pisləyən, insidentin tez bir zamanda araşdırılmasını və vəkilin, eləcə də onun müdafiə etdiyi “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının hüquqlarının pozulmasının qarşısının alınması, müdafiə hüququnun səmərəli həyata keçirilə bilməsi üçün normal şərait yaradılmasını tələb edən bəyanat yayıb.

Bu barədə Media Hüququ İnstitutunun  (MHİ) saytında məlumat verilib.  

Məlumatda bildirilir ki, vəkil Elçin Sadıqov vəkili olduğu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşdən sonra Bakı İstintaq Təcridxanasında bir neçə dəfə qanunsuz sorğu-suala, axtarışa və yoxlamaya məruz qalıb. Vəkilin etirazlarına və şikayətlərinə baxmayaraq hələ də bu məsələ ilə bağlı araşdırma aparılması və tədbir görülməsi barədə məlumat verilməyib.

Həbsə atılmış, ciddi hüquqi maneələrlə üz-üzə qoyulmuş tanınmış jurnalistlərin hüquqlarının müdafiəsində Media Hüququ İnstitutu ilə yaxından və sıx əməkdaşlıq edən tanınmış vəkilə qarşı belə qanunsuz davranışlar hədsiz narahatlıq doğurur. Vəkilə qarşı belə qanunsuz addımlar onun müdafiə etdiyi, hüquqi yardıma ehtiyacı olan jurnalistlərin müdafiə hüququnun səmərəsini xeyli aşağı sala bilər.

Vəkil Elçin Sadıqovun konfedensial saxlamağa haqlı olduğu bilgilərə, sənədlərə, qeydlərə görə çək-çevirə salınması “Vəkillər və Vəkillik Fəaliyyəti Haqqında” Azərbaycan Respublikası Qanununun ciddi pozuntusudur. Həmin qanuna görə, vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirməyə məruz qoymaq olmaz. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkil dosyeləri istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz. Həmin qanun həmçinin vurğulayır ki, vəkillərə edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur. Tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmalı, konfidensiallıq təmin olunmalıdır.

Vəkilin qanunsuz axtarışa, sorğu-suala məruz qalması habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəalarının pozuntusudur. Həmin məcəlləyə görə, müdafiəçi söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququna malikdir. Konfedensial ünsiyyət təkcə söhbətləri yox, eyni zamanda bütün ünsiyyət formalarının, qeydlərin, məlumatların da konfedensial saxlanılmasını özündə ehtiva edir.

Previous Post

REDAKTOR ÖLKƏ PREZİDENTİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

NAMƏLUM ŞƏXS JURNALİSTİ VƏ AİLƏSİNİ ÖLÜMLƏ HƏDƏLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.