JURNALİST ARAZ QULİYEVİN MƏHKƏMƏSİ KEÇİRİLİB

araz quliyev

Yanvarın 21-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə xeber44.com saytının rəhbəri jurnalist Araz Quliyevin və digərlərinin işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən jurnalistin qardaşı Azər Quliyevin sözlərinə görə, prosesdə Araz Quliyevin hüquqlarını ona dövlət tərəfindən təyin edilmiş vəkil Vəliəhd Həbibov müdafiə edib.Prosesdə dövlət ittihamçısı Zöhrab Əliyev Araz Quliyevə sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalında hansı məqsədlə iştirak etməsinə dair sual ünvanlayıb. Jurnalist cavabında oraya sırf peşə fəaliyyəti ilə əlaqədar gəldiyini bildirib.

Hakim N. Quliyev növbəti prosesin  4 fevral saat 10:00-a təyin edildiyini elan edib.

Xatırladaq ki, Araz Quliyev sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə tutulub.

Dekabrın 11-də isə jurnalistə qarşı  Cinayət Məcəlləsinin (CM)  228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrində nəzərdə tutulan ittihamlar irəli sürülüb.

Araz Quliyev bu ittihamlarla razı olmadığını bildirib, həbsinin jurnalist fəaliyyəti və dindar olması ilə izah edib.

Previous Post

HİLAL MƏMMƏDOVUN MÜDAFİƏ KOMİTƏSİ MÜZAKİRƏLƏR KEÇİRİB

Next Post

TURAN İNFORMASİYA AGENTLİYİNİN BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ QARŞI İDDİASI QİSMƏN TƏMİN EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.