Jurnalist çəkiliş apararkən təzyiqə məruz qalıb

Mayın 30-da “Azadlıq” Radiosunun İsmayıllı bölgə müxbiri Elçin İsmayıl peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqə məruz qalıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. E. İsmayılın sözlərinə görə, Azadlıq RadiosuTV-yə İsmayıllı rayonundakı sel daşqınlarından xəbər hazırlayarkən təzyiqlə üzləşib.

“Rayon mərkəzinin Ələkbərzadə küçəsində sel suları basmış həyətləri çəkəndə icra başçısının köməkçisi Səməd Kamilov  mənə yumruq ataraq, yaxamı cırdı. Əlindəki açar boğazımı zədələdi. Üstümə düşdü ki, siz kimsiniz, axı, bunları çəkib problem yaradırsınız? Bundan sonra da heç bir açıqlama vermədən avtomobilə minib ərazini tərk etdi” –deyə bildirən jurnalist hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətini məlumatlandırdığını, eləcə də faktla bağlı prokurorluğa müraciət hazırlandığını və tibbi ekspertizaya müraciət etdiyini bildirib.

RATİ  hadisədə adı keçən S. Kamilova  çoxsaylı zənglər etsə də, Kamilov zənglərə cavab verməyib.  Onu da qeyd edək ki, S. Kamilov Azadlıq Radiosuna bildirib ki,  jurnalistə qarşı təzyiq etməyib. “Camaat bizə müraciət edib, biz də həyətlərdən suyun çəkilməsi üçün ərazidə işə başlamışıq və mən həmin ərazidə olanda müxbir mənə yaxınlaşdı, heç özünü təqdim eləmədi. Mən də tanımıram o kimdir, nəçidir. Ona qarşı hər hansı təzyiq etməmişəm, yalan söhbətdir”, deyə Kamilov qeyd edib.

İsmayıllı Rayonunun icra başçısının birinci müavini Rövşən Ağayev RATİ-yə açıqlamasında, jurnalistin dediklərini təkzib edərək, belə bir hadisənin baş vermədiyini bildirib.

Previous Post

Hilal Məmmədovun məhkəməsi davam edir

Next Post

Araz Quliyevin Apellyasiya şikayətinə baxılır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.