Jurnalist barəsində həbs qətimkan tədbiri seçilib

rauf

Aprelin 21-də Nəsimi Rayon Məhkəməsi “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib.

Məhkəmədən sonra qısa brifinq keçirən jurnalistin vəkili Fuad Ağayev bildirib ki,  müdafiə etdiyi şəxslə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında  görüşüb.

“Rauf mənə bildirdi ki, o bu cür  ağır ittihamları qəbul etmir, heç bir cinayət törətməyib. Mən jurnalistin deportasiya olunaraq Azərbaycana verilməsini qınayıram, çünki bu zaman Raufun hüquqları pozulub. Mən hesab edirəm ki, Türkiyə Rauf Mirqədirovun Azərbaycanda tutulacağı barədə əvvəlcədən məlumatlı olub və Raufa qarşı baş vermiş  hüquqpozuntularına da şərik olub”,-deyə  vəkil qeyd edib.

Baş Prokurorluq da bu hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki,  “Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb”.

Xatırladaq ki, Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunduqdan dərhal sonra həbs edilib. O Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur.

Previous Post

Hüquq müdafiəçisinin məhkəməsi başlayıb

Next Post

Jurnalistin məhkəməsi davam edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.