Hüquq müdafiəçisinin məhkəməsi başlayıb

aprel 21st, 2014

anar

Aprelin 21-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, təşkilatın icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Proses zamanı Anar Məmmədlinin vəkili  hüquq müdafiəçisinin dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkillə birlikdə əyləşməsinə şərait yaradılması barədə vəsatət qaldırıb və bu vəsatət təmin edilib.

Eyni zamanda vəkillər proses zamanı jurnalistlərin çəkiliş aparmasına imkan yaradılması, cinayət işinə xitam verilməsi və həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər versələr də hakim heç birini təmin etməyib.

Qeyd edək məhkəmə baxışı aprelin 28-nə təyin edilib.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Martın 19-da ibtidai istintaq yekunlaşıb və Məmmədli, habelə ölkəni tərk etməmək iltizamı vermiş digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədova qarşı 179-cu maddənin müxtəlif bəndləri (böyük ölçüdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrlə ittiham irəli sürülüb. Martın 6-da Məmmədli barəsində həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Amnesty İnternational Anar  Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq- müdafiə təşkilatları A.Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatla çıxış edib.