Jurnalist fiziki təzyiqə məruz qalıb

“Zerkalo” qəzetinin əməkdaşı Rəşad Rüstəmov peşə fəaliyyətini yerinə yetirən zaman fiziki təzyiqlə üzləşib. Bu barədə bu gün (6 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib. R. Rüstəmovun sözlərinə görə, Daşkəsən rayonun Çovdar kəndinin bir qrup sakini qəzetin redaksiyasına şikayət müraciəti göndərərək,  torpaqlarının  AİMROC (“Azerbaijan İnternational Mineral Resources Operating Company Ltd)   adlı şirkət tərəfindən mənimsənildiyini bildiriblər.

“Redaksiyaya daxil olan şikayəti araşdırmaq məqsədilə martın 2-də  sözügedən rayona  getdim. Rayonun adını xatırlamadığım bir kəndinə çatanda maşınında gəldiyim taksi şoferi mənə bildirdi ki, polislər Bakıdan gələn bir jurnalisti axtarırlar. Mən də şoferin bu danışdıqlarını diktofonuma və telefonuma yazdım. Kənddə özünü bələdiyyə sədri kimi təqdim edən bir nəfər mənə yaxınlaşaraq, yaxınlıqda olan məktəbin həyətində mənimlə söhbət etmək istədiyini bildirdi. Oraya gedəndə, həmin şəxsin yaxınlığında olan yeddi nəfər mənə hücum edərək vurmağa başladılar və diktofonumu əlimdən aldılar” –deyən jurnalist qeyd etdi

R. Rüstəmov onu da əlavə etdi ki, hadisə barədə redaksiya rəhbərliyi tərəfindən Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edilib.

Previous Post

Jurnalistin məhkəməsi üzrə əsas şahid dindirilib

Next Post

Fərəməz Novruzoğlu aclıq aksiyasını davam etdirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.