Jurnalistin məhkəməsi üzrə əsas şahid dindirilib

mart 6th, 2013

594A3954-AD8F-49FE-9AF0-0CC9A6EC4ADA_mw800_s

Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə növbəti qapalı   məhkəmə iclası keçirilib. Məhkəmə başlamazdan əvvəl Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsinin təşkilatçılığı ilə bir qrup ictimaiyyət nümayəndəsi baş redaktora dəstək məqsədi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları əl-ələ tutaraq 15 dəqiqəyə yaxın səssiz dayanıblar. Daha sonra aksiya iştirakçıları və məhkəməni izləməyə gələn media mənsubları  polisin müdaxiləsinə məruz qalaraq, məhkəmə binasının önündən uzaqlaşdırılıblar.

Qapalı keçən məhkəmə prosesindən sonra RATİ-yə verdiyi müsahibədə vəkil Xalid Bağırov bildirib ki, ittiham tərəfinin şahidi olan Elman Quliyevin ifadəsinin istintaq materiallarından xaric edilməsi barədə verdiyimiz vəsatət təmin edilmədiyi üçün  bu günkü məhkəmədə o  şahid qismində  dindirilib.

“E. Quliyev ifadəsində bildirir ki, Hilal Məmmədovun xüsusi xidmət orqanının əməkdaşı, eləcə də və narkotik daşıyıcısı olduğu barədə məlumatı ona mərhum jurnalist Novruzəli Məmmədov danışıb. Ancaq bildirmək istəyirəm ki, N. Məmmədov öz məhkəmə prosesi gedən zaman  heç vaxt E. Quliyevin ifadələrini təsdiq etməyib. Eyni zamanda da müdafiə tərəfi olaraq hesab edirik ki, Cinayət Prosessual Məcəlləsinin tələbinə görə də, başqa şəxsin dilindən verilən ifadələr şahid ifadəsi kimi keçərli olmamalıdır”, –deyə Bağırov qeyd edib.

Qeyd edək ki, növbəti proses 13 mart saat 10:30-da davam edəcək.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.