Həbsdəki jurnalist “Ekspress Servis” MMC –ni məhkəməyə verib

may 21st, 2013

evez zeynalli

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı “Ekspress Servis” MMC-yə qarşı “Öhdəliyin yerinə yetirilməməsi nəticəsində pozulmuş hüquqların bərpası və vurulmuş zərərin ödənilməsi barədə” 1 saylı İnzibati İqtisad Məhkəməsində   iddia qaldırıb. Bu barədə bu gün (21 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil E. Sadıqovun sözlərinə görə, Əvəz Zeynallı “Xural” qəzetini qanunsuz olaraq çap etməkdən imtina etməsinə görə vurulmuş maddi zərər üçün cavabdeh “Ekspress Servis” şirkətindən 150 min mənəvi zərər üçün isə 200 min manatın cavabdehdən alınaraq iddiaçılar Ə.Zeynalov və “Xural” qəzetinə ödənilməsi; cavabdeh “Ekspress Servis” MMC-nin və digər mətbəələrin siyasi göstərişlə “Xural” qəzetini çap etməkdən imtina etmələrinin ifadə azadlığına müdaxilə kimi tanınması barədə qətnamə qəbul edilməsi iddiası ilə məhkəməyə müraciət edib.Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Apellyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

            Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.