
Bu gün (16 dekabr) həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının doğum günüdür, jurnalistin 44 yaşı tamam olur. Saxta ittihamla həbs edilmiş Əvəz Zeynallı artıq 3-cü doğum gününü də həbsdə qeyd edir. Əvəz Zeynallı keçmiş deputat və hazırda həbsdə olan Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib və çoxlu prosessual pozuntularla keçirilmiş məhkəmədə jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb. Ancaq jurnalisti şərləyərək həbs etdirən və özü külli miqdarda pul mənimsəyən, deputat səlahiyyətlərindən sui-istifadə, mandate alveri edən Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Ekspertlər bu verilən cəzanın deputatın əməlinə adekvat olmadığını və hakimiyyətin siyasətçiyə nisbətdə jurnalistə qarşı daha dözümsüz olduğunu bildiriblər. Onu da qeyd edək ki, məhkəmə zamanı jurnalistin günahı sübuta yetirilməyib, Gülər Əhmədova da mediaya verdiyi açıqlamalarda bildirib ki, Əvəz Zeynallını mənə görə ittiham etməyiblər, ancaq ittiham aktında Əvəz Zeynallının Gülər Əhmədovanın şikayəti əsasında həbs edildiyi göstərilir. Əvəz Zeynallı həbs edilməsi ilə yanaşı, baş redaktoru olduğu “Xural” qəzetinin də əmlakı müsadirə edilmiş və qəzetin fəaliyyəti dayandırılmışdır. Hazırda qəzet portal(xural.com) olaraq fəaliyyət göstərir. Qeyd edək ki, Əvəz Zeynallı 2002-ci ildən Xural qəzetinə rəhbərlik edib və daha çox hakimiyyəti tənqid edən məqalələr dərc edib.
RATİ jurnalisti ad günü münasibəti ilə təbrik edərək tezliklə azadlığa qovuşmasını arzu edir.
RATİ eyni zamanda Azərbaycan hökumətindən saxta ittihamla həbs edilmiş Əvəz Zeynallını dərhal və qeyd-şərtsiz azad etməyi tələb edir.
Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 13 may 2013-cü ildə apellyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 14 may 2013-cü il tarixdə Əvəz Zeynallı 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.