Pərviz Həşimli özünə qəsd etmək istəyib

dekabr 13th, 2013

 398327_525389854153700_112437647_n

Dekabrın 13-də Səbail rayon Məhkəməsində “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri Pərviz Həşimlinin işgəncəyə məruz qalması və MTN-in İstintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddiasına baxılıb və iddia təmin  etməyib.  Məhkəməyə əli qandallı gətirilən P. Həşimli  gətirələrkən  “mənə işgəncə verirlər”  deyə qışqırıb.  Polis yaxınlarının və jurnalistlərin ona yaxınlaşmasına imkan verməyib..

 Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, Pərviz Həşimliyə edilmiş işgəncələrlə bağlı qeydlərini məhkəməyə gətirməyə imkan verilməyib, qeydlər onun əlindən alınıb. Buna etiraz edən vəkil məhkəmə salonunu tərk edib. Öz növbəsində P.Həşimli də qeydlərinin gətirilməsinə icazə verilmədiyi üçün hakimə etiraz edərək arxasını ona çevirib. Bu hərəkətinə görə jurnalisti  başqa otağa keçiriblər. İşə vəkil və təqsirləndirilənin iştirakı olmadan baxılıb. Vəkil bildirib ki, Həşimlinin əsas şikayəti işgəncələrdən, saxlandığı şəraitdəndir. Hətta fiziki və psixoloji təzyiqlərə görə o, özünə xəsarət yetirməyə belə cəhd edib.

RATİ Pərviz Həşimlinin işgəncəyə  məruz qalması ilə bağlı Ombudsmana müraciət edib və məsələni araşdırmasını  xahiş edib. Omdusdman Aparatının İşgəncələrin Qarşısının alınması Şöbəsinin  müdiri Vüqar Məhərrəmov bildirib ki, MTN İstintaq Təcridxanasının rəisi ilə danışıb və o həm jurnalistin işgəncəyə məruz qaldığını və eyni zamanda intihara cəhd etməsi məlumatını  təkzib edib.

 Xatırladaq ki,  Pərviz  Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstintaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi   Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib.

P. Həşimli ittihamları qəbul etmir, hüquq müdafiə və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs olunduğunu bəyan edir.