JURNALİST TƏQİB OLUNDUĞUNU BİLDİRİR

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlov təqib olunması ilə bağlı bu gün (17 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün bundan qabaq özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər Biləsuvar rayonunda qeydiyyatda olduğu evə gələrək yaxınlarından  onun haqqında məlumat toplamağa çalışıblar. Mülki geyimdə olan bu  şəxslərin ailə üzvlərinə heç bir rəsmi sənəd təqdim etmədiyini deyən Bədəlov əlavə etdi ki, bu məsələni özünün jurnalist fəaliyyəti ilə əlaqələndirir. O, xüsusilə  iyulun 28-də Şüvəlan qəsəbəsində reportaj hazırlayarkən fiziki təzyiqə məruz qalmasını diqqətə çatdırdı.

 

“Biləsuvar Rayon Polis İdarəsinin xidməti iş üzrə rəis müavini Alim Səfərovla əlaqə saxlayıb məsələ haqqında öyrənmək istədim. Səfərov kobud formada danışaraq ona zəng etməməyimi dedi və məsələnin mahiyyəti haqqında mənə məlumat vermədi. Bu məsələnin təhlükəli olduğunu hiss edirəm. Ona görə də məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə məlumat verəcəyəm” – deyən E.Bədəlov əlavə etdi ki, bu gün  qəzetlərdə  bu barədə məlumat gedəndən  sonra həmin şəxslər qardaşına bildiriblər ki, bu, bir anlaşılmazlıq olub.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Azadlıq” radiosuna deyib ki, Biləsuvarda polislərin evbəev gəzməsi parlament seçkiləri ilə bağlıdır və polislər seçki ilə bağlı vətəndaşların şəxsiyyət vəsiqələrinin qaydasında olub-olmadığını araşdırırlar. “Bu, şəxsiyyət vəsiqəsi almalı olan vətəndaşların şəxsiyyət vəsiqəsi təmini ilə bağlı tədbirlərdir. Təkcə Bədəlovun ailə üzvləri deyil, bütün rayonlarda vətəndaşların evlərinə gedilir, onlarla söhbətlər aparılır ki, vəsiqələrini seçkiyə qədər qaydasına salsınlar” – deyə Zahidov vurğulayıb.

 

Xatırladaq ki, 28 iyulda Şüvəlan qəsəbəsində varlılar məhəlləsindən reportaj hazırlayarkən jurnalistlər – “Yeni Müsavat” qəzetinin  əməkdaşı E.Bədəlov, həmçinin  “Milli yol” və Poliqon informasiya agentliyinin redaktor müavini A.Gəraylı fiziki təzyiqə məruz qalmışdılar. Zərərçəkmişlər bildiriblər ki, nəqliyyat naziri Ziya Məmmədovun olduğu bilinən imarətin şəklini çəkən zaman mühafizəçilər tərəfindən döyülüblər.

 

Previous Post

JURNALİSTİN İŞDƏN ÇIXARILDIĞI BARƏDƏ İDDİASI İLƏ AZTV RAZILAŞMIR

Next Post

ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.