Jurnalist ölümlə hədələndiyini bildirir

noyabr 22nd, 2013

 minval

Minval.az saytının  əməkdaşı Yanina Mədətova ölümlə hədələnir. Bu barədə bu gün(22 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik Institutuna (RATİ) jurnalistin özü məlumat verib.

Jurnalist bildirib ki, onun bir rus səfilin taleyi haqqında yazdığı “Сломанная жизнь или история бакинского бомжа” (“Məhv olmuş tale və ya bir Bakı səfilinin tarixçəsi”) məqaləsində Rus İcmasının səfilin taleyinə biganə qalması barədə tənqidi fikirlərinə görə Alexsandr Fomin adlı şəxsin təzyiqlərinə məruz qalıb. Əvvəlcə Facebook (Feysbuk)-da onunla mübahisə edən A.Fomin bu gün ona zəng edib, özünü təhlükəsizlik xidməti göstərən agentliyin vəzifəlisi kimi təqdim edərək onu və redaksiyanı qeyri-etik ifadələrlə təhqir və ölümlə, qan salacağı ilə təhdid edib.

Qarşı tərəfin mövqeyini bilmək üçün Yanina xanımın verdiyi, ona zəng etmiş nömrə ilə əlaqə saxladıqda zəngə cavab verən şəxs özünün Aleksandr Fomin olduğunu və Yanina xanıma zəng etdiyini təsdiq edərək  RATİ-ə bildirdi ki, o, özü Rus icması gənclər təşkilatının sədridir. Yananı (Yaninanı o belə adlandırırdı –red.) çoxdan tanıyır və Aleksandrın fikrincə, hərçənd Yana onu tanımadığını desə də, əslində tanıyır. Məqalə ilə bağlı da şərhlərdə fikirlərini yazıb, aralarında polemika olub. Yaninaya etdiyi zəng də redaksiyanın ünvanını soruşmaq üçün olub: “Məqsədim o idi ki, baş redaktorla danışım ki, bizə, yəni rus icmasına qarşı niyə qərəzli mövqe nümayiş etdirilir. Halbuki, Yana xanımın əvvəl münasibəti belə olmayıb. Heç bir hədə-qorxu da gəlməmişəm. Sadəcə olaraq ifadələrinə görə bir şeyi bildirmişəm ki, Cinayət Məcəlləsində təhqirə görə məsuliyyət artıq internetə də şamil olunur”, -deyə o qeyd edib.

Hər iki tərəf hüquqi müstəvidə aydınlaşdırılması üçün sözügedən məsələ ilə bağlı müvafiq dövlət qurumuna müraciət edəcəyini bildirib.