(English) Still No Justice for Murdered Journalists in Azerbaijan

November 23rd, 2013

BƏYANAT

“Azərbaycanda jurnalistlərə hücum edən şəxslərin cəzasız qalmasına şərait yaradan cəzasızlıq mühiti ifadə azadlığına qarşı davamlı repressiyaya şərait yaradır,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bildirir. Cəzasızlığa qarşı Beynəlxalq Gündə təşkilat öz peşə fəaliyyəti ilə bağlı olaraq qətlə yetirilmiş və hücumlara məruz qalmış jurnalistlər üçü ədalətin bərpa olunmasına çağırır.

RATİ qətllərə və repressiyaya görə məsuliyyət daşıyan şəxslərin cəzasız qalmasını, habelə media nümayəndələrinin müdafiəsinə rəsmi səviyyədə etinasızlığı kəskin pisləyir.

Jurnalist Rafiq Tağının qətlinin iki illiyində RATİ öz həyatı bahasına ədalətsizlik və səhvlərə qarşı çıxmış cəsarətli jurnalist-publisistin xatirəsini hörmətlə yad edir.

“Rafiq Tağı  azad və müstəqil mətbuat, azad və müstəqil söz uğrunda mübarizənin həqiqi simvolu olan bir insan idi” deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib.

Tağı dini məsələlər haqqında çoxsaylı yazıların müəllifi olmuş və karyerası ərzində bir çox təhlükələrlə üzləşmişdi. 2011-ci ilin noyabrında Tağı yaşadığı evin yaxınlığındakı küçədə naməlum şəxsin hücumuna məruz qalmış və yeddi bıçaq zərbəsi almışdı. Cərrahiyyə əməliyyatından sonra səhhətində normallaşma müşahidə olunan jurnalist hücuma məruz qalmasından dörd gün sonra RATİ-nin müəmmalı hesab etdiyi bir şəraitdə dünyasını dəyişib.

Rafiq Tağının ölümündən iki il keçdiyi bir vaxtda RATİ hesab edir ki, jurnalisti qətlə yetirənlərin və bu qətli sifariş edənlərin məsuliyyətə cəlb olunmasına yenidən və ciddi diqqət yetirilməlidir.  RATİ hökuməti bütün cinayətkarları zamanında, peşəkar və şəffaf qaydada məsuliyyətə cəlb etməklə ölkədə ədalətin və qanunun aliliyinin hakimliyini təmin etməyə çağırır.

2009-cu ilin avqustunda “Talışi Sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin rəhbəri Novruzəli Məmmədov vətənə xəyanət ittihamı ilə məhkum olunduğu və 10 il həbs cəzasını çəkərkən həbsdə vəfat edib. Ölümündən əvvəl N.Məmmədov səhhətində ciddi problemlərin olduğu barədə məlumat vermişdi. Görünür, bu problemlərdən bəziləri jurnalistin həbsxana məmurları tərəfindən 15 gün bir nəfərlik kamerada yataqsız və isti geyimsiz saxlandığı zaman daha da ağırlaşmışdı. Hökumət N.Məmmədova lazımi tibbi yardımı göstərməmiş, jurnalistin humanist əsaslarla azadlığa buraxılması üçün edilən çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq onu həbsdə saxlamışdı.

2005-ci ilin martında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirildi. Dəfələrlə ölümlə hədələnmiş jurnalist sonda Bakıda yerləşən mənzilinin pilləkənində odlu silahdan açılmış bir neçə atəşlə öldürülüb. E.Hüseynov hökuməti kəskin tənqid etməsi ilə tanınmış və öz fəaliyyəti ilə Azərbaycanda və beynəlxalq səviyyədə araşdırmaçı jurnalistikanın və jurnalist cəsarətinin standartlarını müəyyən etmiş bir jurnalist idi.  Elmarın qatillərinin tapılması üçün edilən davamlı çağırışlara baxmayaraq, jurnalistin işində ədalət hələ də bərqərar olunmamış və cinayətin üstü hələ də açılmamışdır.

Elmar Hüseynovun qətlindən bəri Azərbaycanda jurnalistlərə qarşı 250-dən artıq hücum faktı qeydə alınıb.

“İfadə, informasiya və birləşmə azadlıqları mücərrəd prinsiplər deyil. Bunlar Azərbaycanın təmin etmək öhdəliyi olduğu hüquqlardır. Biz, bizim nələri deməli, nələri isə deməməli olduğumuzu qatillərin müəyyənləşdirməsinə yol verə bilmərik. Biz həmkarlarımız üçün ədalət tələb etməklə, eyni zamanda insanların informasiya və ideyaları axtarmaq, almaq və yaymaq hüququnun təmin olunmasını tələb edirik” deyə Emin Hüseynov vurğulayıb.

RATİ Azərbaycan hökumətini jurnalistlərin qatillərini məsuliyyətə cəlb etməyə və öz peşə borclarını yerinə yetirdiklərinə görə təhlükələrlə üzləşmiş jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırır.

Cəzasızlığa qarşı Beynəlxalq Gündə RATİ Azərbaycan hökumətini:

  • Rafiq Tağı və Elmar Hüseynovun qətllərinin, Novruzəli Məmmədovun müəmmalı ölümünün, habelə jurnalistlərə qarşı baş vermiş yüzlərlə hücum faktının lazımınca araşdırılmasını və bu əməlləri törədənlərin məsuliyyətə cəlb olunmasını təmin etməyə,
  • Rafiq Tağı və Elmar Hüseynovun qətllərinin istintaqı ilə bağlı məlumatları ictimaiyyətə çatdırmağa,
  • 2012-ci ilin martında tanınmış xanım jurnalist Xədicə İsmayılovaya qarşı hədə-qorxu və şantaj təxribatını həyata keçirən və jurnalistin şəxsi həyatın toxunulmazlığı hüququnu pozan şəxsləri həbs edərək məsuliyyətə cəlb etməyə,
  • Jurnalistlərə qarşı bütün təhlükə hallarını tam araşdırmağa və jurnalistlər üçün etibarlı müdafiə mexanizmləri yaratmağa,
  • İfadə azadlığı hüququnu həyata keçirmələri ilə bağlı olaraq həbs olunmuş və hal-hazırda həbsdə olan jurnalistləri, bloqçuları və fəalları dərhal azadlığa buraxmağa,
  • İfadə azadlığı hüququnu həyata keçirmələri ilə bağlı olaraq barələrində cinayət işi açılmış jurnalistlərə və fəallara qarşı irəli sürülmüş ittihamlara xitam verməyə,
  • Cinayət Məcəlləsindən diffamasiya (böhtan, təhqir) ilə bağlı müddəaları çıxarmağa, çağırır.