KİTABA GÖRƏ JURNALİSTƏ TƏZYİQLƏR GÖSTƏRİLİR

Jurnalist Anar Mahmudoğlunun RATİ-yə verdiyi məlumata görə o, “Bir ömürlük mübarizə” adlı kitabına görə təzyiqlərə məruz qalır:

      “Kitabda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin fəaliyyətinin müsbət tərəfləri ilə yanaşı, mənfi məqamlarına toxunduğum üçün mənə qarşı təzyiqlər olur. Birinci hücum “21 əsr” qəzetinin təsisçisi Məmməd Əlizadədən olub. M.Əlizadə qəzetin 17 noyabr 2007-ci il tarixli sayında mənə qarşı məqalə yazıb. “Respublikaçılar” qəzetinin təsisçisi Sübut Əsədov da bu kitaba görə 28 noyabr 2007-ci il tarixində qəzetdə öz imzası ilə mənə qarşı məqalə dərc edib. Bundan sonra 30 noyabrda Prezident Aparatının şöbə müdiri Qafar Əliyevin istəyi ilə “Azad Azərbaycan” qəzetində Barat Kərimov və Bəxtiyar Hüseynov adlı müəlliflər mənim əleyhimə məqalə dərc ediblər. Bütün məqalələrdə göstərilir ki, mən öz kitabımda yazdığım yazılarla H.Əliyevin şəxsiyyətinə kölgə salıram. Mən isə qeyd etmək istəyirəm ki,  öz kitabımda H.Əliyevin həm müsbət, həm də mənfi cəhətlərini əks etdirmişəm. Hətta bu günlərdə Prezident Aparatı və Milli Təhlükəsizlik Nazirliyindən kitabın H.Əliyev haqqında olan hissəsi işarələnərək Milli Elmlər Akademiyasının rəyasət heyətinə göndərilib. Nəticədə mən Milli Elmlər Akademiyasındakı işimdən çıxarıldım. Qeyd etmək istəyirəm ki, mənə qarşı bundan əvvəldə təzyiqlər olub. Lənkərandan mənə Elşən Əliyev adlı şəxs tərəfindən teleqram gəldi ki, mən öz kitabımda H.Əliyevin şəxsiyyətinə kölgə salmışam. Bununla əlaqədar mən 2007-ci il dekabr ayının 29-da  məktubun göndərildiyi Lənkəranın Vilvan kəndinə getdim. Və teleqramı göndərən şəxslə görüşdüm. Görüş zamanı məlum oldu ki, o şəxsin kitabdan heç xəbəri də yoxdur. Geri qayıtmaq istərkən isə Lənkəran Şəhər Cinayət Axtarışı şöbəsinin rəisi İlham Əhmədov tərəfindən həbs edilərək qeyri-qanuni olaraq beş saatdan çox müddətdə şöbədə saxlanıldım. Saxlanılmanın səbəbini soruşduqda isə mənə bildirdilər ki, güya şöbəyə Vilvan kəndindən teleqram göndərən şəxs tərəfindən ərizə daxil olub ki, mən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovu təhqir etmişəm”.

     Bütün olanlarla əlaqədar heç bir yerə müraciət etmədiyini söyləyən jurnalist əlavə etdi ki, dünən (15 yanvar) DİN-in Şəxsi heyətlə iş İdarəsinin rəisi Ramiz Axundov onun dostlarına zəng vuraraq, jurnalistin DİN-ə gəlməyini tapşırıb. Anar Mahmudoğlu qeyd etdi ki, “bu gün R. Axundovla əlaqə saxladım və o mənə bildirdi ki, sözügüdən kitabı ona çatdırım”. 

Previous Post

MƏHKƏMƏ ZAHİDOVUN VƏ VƏKİLLƏRİNİN VƏSATƏTLƏRİNİ TƏMİN ETMƏYİB

Next Post

FƏTULLAYEV BARƏDƏ HƏBS QƏRARI QÜVVƏDƏ SAXLANILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.