JURNALİSTDƏN ÖTƏN İL KEÇİRİLMİŞ AKSİYAYA GÖRƏ İZAHAT ALDILAR

Dünən (12 mart) “Yeni Müsavat” qəzetinin əməkdaşı, həmçinin “Müsavat” Partiyasının  yaratdığı “Respublikaçılar” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Mustafa Hacıbəyli Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin ərazi məntəqəsinə çağırılıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Mustafa Hacıbəyli özü verdi. M.Hacıbəylinin sözlərinə görə, o, ərazi məntəqəsinə çağırılıb və ondan 2008-ci il, dekabr ayının 24-də Konstitusiya Məhkəməsinin qarşısında referendum əleyhinə keçirilən aksiya ilə bağlı izahat alınıb. Binəqədi rayon polis idarəsinin müstəntiqi Aqil Rzayev həmin aksiyanın qanunsuz olduğunu deyərək Mustafa Hacıbəylinin bir daha belə aksiyalarda iştirak etməyəcəyi barədə öhdəlik götürməsini istəyib.
M. Hacıbəyli isə hesab edir ki, onun polisə çağırılaraq izahat alınması 3 ay əvvəlki aksiyaya görə deyil: “Bu hadisə mart ayının 11-də İctimai Radioda təşkil olunan debatda hakimiyyəti kəskin tənqid etməyim ilə bağlıdır. Mən təşkil olunmuş debatda  həm ölkədə baş verən hadisələr, həm də demokratiya əleyhinə gedən proseslər barədə danışmışam”. Jurnalist  bunu özünə qarşı psixoloji təzyiq məqsədi daşıdığını fikirləşir.
Gün ərzində məsələ ilə bağlı Binəqədi rayon polis bölməsi ilə əlaqə saxlamağa cəhd göstərsək də, cəhdlərimiz baş tutmadı.
Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN REDAKSİYASINA HÜCUM OLDU

Next Post

HƏYAT YOLDAŞI MİRZƏ SAKİTLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.