Jurnalist Mahal İsmayıloğlu ikinci dəfə infarkt keçirib.
Avqust ayının 20-də səhhəti pisləşən jurnalist həyat yoldaşının köməkliyi ilə Mərkəzi Klink Xəstəxanaya yerləşdirilib. RATİ-nin əməkdaşı ilə söhbəti zamanı İsmayıloğlu əməliyyat olacağını bildirib.
"Ağır vəziyyətdə Klinik Xəstəxənaya yerləşdirildikdən sonra həkimlər məni çox çətinliklə özümə gətirdilər. Birinci dəfə 2003-cü ildə infarkt keçirmişəm. O zaman həkimlər damarların işləməsi üçün plastik aparat qoymuşdular. Aparat 4-5 il müddətində fəaliyyət göstərə bilərdi. Bu müddət isə artıq bitib. İndi isə ikinci dəfədir infarkt keçirdirəm. Həkimlər mənim tezliklə əməliyyat keçirməli olduğumu söylədilər", – deyə jurnalist qeyd edib.
İsmayıloğlu əməliyyatın keçirilməsi üçün maliyyəyə ehtiyacı olduğunu da bildirib.
Qeyd edək ki, Mahal İsmayıloğlu uzun illər rəsmi dövlət qəzeti – Prezidentin İcra Aparatının orqanı olan "Xalq qəzeti"ndə baş redaktor vəzifəsində çalışıb. 2002-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. Son dövrlərdə "Yeni Müsavat" qəzetində köşə yazıları ilə çıxış edirdi.