
Oktyabrın 25-də Yasamal Rayon Məhkəməsində “Azadlıq” qəzetinin Tağı Əhmədova ödəməli olduğu cərimənin dərhal ödənilməsi ilə bağlı müraciətə baxılıb və məhkəmə Tağı Əhmədovun iddiasını təmin edib. Bu barədə bu gün(07 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin baş redaktorun müavini Rahim Hacıyev məlumat verib.
Rahim Hacıyev bildirib ki, Tağı Əhmədov 30 min manat kompensasiyanı hissə-hissə ödəməyimizə razılıq vermişdi, ancaq indi o verdiyi razılıqdan imtina edir.
“Tağı Əhmədov bildirib ki, vəkili onu düzgün başa düşməyib və o cərimənin hamısının dərhal ödənilməsini istəyir. Yasamal Rayon məhkəməsi də bizim redaksiyanı xəbərdar etmədən və nümayəndəmizin iştirakı olmadan müraciətə baxıb və təmin edib. Beləliklə, qəzetə qarşı pul sanksiyasının məbləği 65 manata (83 min dollar) çatıb. Hesab edirəm ki, hazırda qəzetimizlə bağlı ardıcıl atılan addımlar qəzetin sıradan çıxarılmasına hesablanıb”, -deyə Hacıyev qeyd edib.
Xatırladaq ki, “Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın 32 min manatlıq iddiası üzrə redaksiyanın bank hesabına həbs qoyulub. Bundan əlavə, məhkəmə redaksiyanın Yasamal rayon məhkəmə icraçıları şöbəsinin şikayəti üzrə 3 min manat ödəməsi barədə qərar çıxarıb. Eyni zamanda qəzet “Qasid” Dövlət Mətbuat Yayımı Şirkətindən satışdan daxil olan 55 min manat həcmində borcunu ala bilmir. Oktyabrın 18-dən Bakı metrosunda “Azadlıq” qəzetinin satışına gizli qadağa qoyulub.