Jurnalistin Avropa Məhkəməsinə göndərdiyi şikayət yoxa çıxıb

Km51EXEX4Hl5

“Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublunun Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayət yoxa çıxıb. Bu barədə bu gün (10 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) T. Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.

Vəkil N. Kərimlinin sözlərinə görə, göndərilən şikayətdə Tofiq Yaqublu haqqında seçilmiş həbs qətimkan tədbirinin qanunsuz olduğu qeyd edilib.

“Şikayət mayın 7-də Mərkəzi Poçtun nəzdində olan “Express” poçt xidməti ilə göndərilib və ayın 13-də Fransa gömrüyünə daxil olub. İyirmi gündən artıq idi ki, sənədlərdən xəbər yox idi. Bu gün isə “Express” poçt xidmətindən sənədlərin Fransa gömrüyündə itdiyini bildirdilər.  Sənədlərin Azərbaycanda da itməsi ehtimalı istisna deyil “ –deyə vəkil qeyd edib.

Məsələni aydınlaşdırmaq məqsədilə RATİ Mərkəzi Poçtla əlaqə saxlayıb. Poçt problemin nə olduğunu bildikdən sonra dərhal telefon əlaqəsini kəsib və məlumat verməkdən imtina edib.

Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb ki, bu maddə ilə də dörd ildən on iki ilədək həbs nəzərdə tutulur. T. Yaqublu hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

Jurnalist Baş Prokuror və Daxili İşlər Nazirinin şahid qismində dindirilməsini istəyir

Next Post

Jurnalistin maşınına hücum edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.