VÜQAR QURDQANLI ANLAŞILMAZ MÜNASİBƏTLƏ ÜZLƏŞDİYİNİ BİLDİRİR

Müstəqil jurnalist kimi fəaliyyət göstərən Vüqar Qurdqanlı dünən (03 iyul) Məhkəmə Qərarlarının İcrası İdarəsinin Binəqədi Rayon Şöbəsinə çağırılıb.

Şöbədə jurnalistə bildiriblər ki, o 1 il 6 ay müddətinə məhkum edildiyi islah işləri cəzasının icrasına başlamalıdır. Qurdqanlı isə qəzetlərdə yalnız ictimai əsaslarla işlədiyini və həmin qəzetlərdən müntəzəm əmək haqqı almadığını bildirib. Buna cavab olaraq isə məhkəmə qərarlarının icraçıları onun sənədlərinin Məşğulluq İdarəsinə göndəriləcəyini və həmin İdarə vasitəsilə işlə (fəhlə, usta və s.) təmin olunacağını və həmin işə görə aldığı əmək haqqından müvafiq məbləğin tutulacağını söyləyiblər. Qurdqanlı bununla razılaşmayıb, öz cibindən nəzərdə tutulan məbləği ödəməyə hazır olduğunu vurğulasa da, icraçılar onun mütləq hər hansı bir işdə işləməli  və həmin işin əvəzində aldığı pulu ödəməli olduğunu qeyd ediblər.

RATİ-nin əməkdaşı ilə söhbətində Qurdqanlı bu cür münasibəti başa düşmədiyini və öz mövqeyində israrlı olduğunu qeyd etdi. “Mən jurnalistəm və ancaq yazılar yazıram. Başqa işdə işləmək fikrim yoxdur. Əgər bu cür münasibət davam edəcəksə məsələ ilə əlaqədar mətbuat konfransı keçirməyi və bunu ictimaiyyətin diqqətinə çatdırmağı planlaşdırıram”, – deyə Qurdqanlı vurğuladı.   
Xatırladaq  ki, Qurdqanlı “Xural” qəzetində yazdığı məqalələrə görə Yevlax Şəhər İcra Başçısı Elmar Vəliyev tərəfindən məhkəməyə verilmişdi.  Nərimanov Rayon Məhkəməsində Vüqar Qurdqanlının 1 il 6 ay müddətinə aylıq əmək haqqının 20%-i məbləğində islah işlərinə məhkum edilməsi ilə bağlı qərar çıxarılmışdı. Qərar Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.
*Cinayət Məcəlləsinin 49-cu maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək pulun tutulmasını nəzərdə tutur.

Previous Post

XƏLİLİN MƏCBURİ GƏTİRİLDİYİ MƏHKƏMƏDƏ ONUN VƏKİLİNİN HEÇ BİR VƏSATƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

HÖKUMƏT RƏSMİSİ AZƏRBAYCANDA JURNALİSTLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ GÖRƏ HƏBS EDİLMƏDİYİNİ İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.