“DALĞA”NIN PİKETİ DAĞIDILARKƏN ÜÇ JURNALİST DƏ SAXLANILIB

Bu gün (04 iyul) saat 12.00 radələrində “Dalğa” Gənclər Hərəkatının bir qrup üzvünün ATƏT-in Bakı ofisinin qarşısında keçirmək istədiyi aksiyanın qarşısı polis tərəfindən alınıb.

Aksiya dağıdılan zaman üç jurnalist də təzyiqə məruz qalıb.

Belə ki, Azərbaycanda insan haqlarının pozulmasını, xüsusilə də mətbuat azadlığının məhdudlaşdırılmasını beynəlxalq ictimaiyyətin diqqətinə çəkmək, reallıqlarla bağlı beynəlxalq qurumları adekvat reaksiya verməyə çağırmaq istəyən gəncləri ATƏT-in Bakı ofisinin qarşısında polis qarşılayıb. Polislər “Dalğa” Gənclər Hərəkatının  sədri Vəfa Cəfərova və daha bir neçə aksiya iştirakçısını saxlayaraq Səbayel rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə aparıblar.
Habelə polis aksiya yerində monitorinq aparan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşları – Mehman Hüseynov və Elmira Osmanovanı, eləcə də “Azadlıq və Azad Avropa radiosu”-nun əməkdaşı Durna Səfərlini də saxlayaraq  bölməyə aparıb. Jurnalistlərin vəsiqələrinə və onların iş başında olmasına əhəmiyyət verməyən polis RATİ əməkdaşı M. Hüseynova qarşı fiziki zor tətbiq etməkdən də çəkinməyib. Vəzifə borcunu icra etməklə məşğul olduğunu polislərə izah edən M.Hüseynovun qolunu buraraq onun zorla polis maşınına oturdublar.
Amma maraqlıdır ki, bölmədə jurnalistlərin vəsiqələri yoxlanıldıqdan sonra onlar azad edilib. Halbuki hadisə yerində işləyən jurnalistlərin vəsiqələri yaxalarında olub. Hətta  39-cu Polis Bölməsindən bildirilib ki, onlar yalnız “Dalğa”nın 7 üzvünü saxlayıblar, digər üç nəfər, yəni jurnalistlər özləri Polis Bölməsinə giriblər?!.
“Dalğa”-nın üzvləri 3 saatdan artıq polis bölməsində saxlandıqdan sonra onlardan 4-ü sərbəst buraxılmış, 3-ü isə Səbayel Rayon Məhkəməsinə aparılıb. Məhkəmədə onlara xəbərdarlıq edildikdən sonra həmin üç nəfər də sərbəst buraxılıb.

Previous Post

XƏLİLİN MƏCBURİ GƏTİRİLDİYİ MƏHKƏMƏDƏ ONUN VƏKİLİNİN HEÇ BİR VƏSATƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

HÖKUMƏT RƏSMİSİ AZƏRBAYCANDA JURNALİSTLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ GÖRƏ HƏBS EDİLMƏDİYİNİ İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.