XƏLİLİN MƏCBURİ GƏTİRİLDİYİ MƏHKƏMƏDƏ ONUN VƏKİLİNİN HEÇ BİR VƏSATƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (03 iyul) Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlili bıçaqlamaqda təqsirləndirilən Sergey Strekalinin məhkəmə prosesi keçirilib.

Ötən prosesdə çıxarılmış qərara əsasən Xəlil məhkəməyə polis tərəfindən məcburi gətirilmişdi.  

Aqil Xəlilin vəkili Elçin Sadıqov proses zamanı bir sıra vəsatətlər qaldırdı. İlkin olaraq o bu günkü məhkəməyə etiraz və ümumiyyətlə işə xitam verilməsi haqqında vəsatət təqdim etdi. Vəkil istintaq işinin materiallarının telekanallarda nümayiş edildiyini, bunun beynəlxalq konvensiyalara zidd olduğunu və buna görə də məhkəmə istintaqının obyektivliyinin şübhə altına alındığını qeyd edərək məhkəmənin ümumiyyətlə keçirilməməsini istədi.
Sadıqovun növbəti vəsatəti ondan ibarət oldu ki, Xəlilin Strekalinə göndərdiyi iddia edilən mesajlar cinayət işindəki sübutlar siyahısından çıxarılsın. “Bu “Azercell”-in yox, MTN–nin materialıdır. Çünki “Azercell”-dən gələn rəsmi cavablarda şirkətin ştampı olur. Lakin nə vərəqdə, nə də disketin üzərində (disketlərdə mesajların məzmunu əks olunub və onun Azercell-dən verildiyi bildirilir) heç bir ştamp yoxdur. Bundan əlavə sorğuya gələn cavab adi A4 formatlı kağızdadır və word  proqramında yazılıb. Halbuki, cavab Azercell-in rəsmi blankında və xüsusi proqramla yazılmış şəkildə olur”, – deyə vəkil vurğuladı.
 Sadıqovun digər vəsatəti müstəntiq Əli Quliyevin Xəlildən aldığı ifadələrin cinayət işinin materiallarından çıxarılması ilə əlaqəli oldu. Vəkil bu  ifadələrin Xəlildən zor tətbiq edilməklə alındığını əsas gətirdi. Onun sözlərinə görə, Kürdəmir Rayon Prokurorluğunda Quliyev Aqilin mədəsinə zərbə vuraraq ondan rus dilində danışan bir şəxsi tanıdığını bildirməsini tələb edib. Bu məsələlərin cinayət işində qeyd edilmədiyini vurğulayan vəkil Xəlilin ifadələrinin çıxarılmasını istədi.
Vəkilin növbəti iki vəsatəti 22 fevralda “Zeytun bağı” adlanan ərazidə Aqil Xəlili döyən Dağbəyi Allahverdiyev və Akif Çovdarovla bağlı oldu. Birinci vəsatətlə Sadıqov  bu şəxslərin kabel və mobil telefonlarla danışıqlarının müəyyən edilməsini istədi. İkinci vəsatət isə Xəlil döyülən zaman ətrafda olan və Xəlilin döyülməsini telefonla videoya çəkən yeniyetmələrin, o cümlədən Allahverdiyev və Çovdarovun şahid kimi məhkəməyə gətirilməsindən ibarət oldu.
Sadıqov sonda Nəşriyyatın qarşısındakı işıqforda kameraların olduğunu bildirərək arxivə baxılmasının və Strekalinin martın 13-də oradan keçib-keçməməsinin müəyyənləşdirilməsinin təmin edilməsi barədə şifahi vəsatət verdi.
    Proses zamanı Aqil Xəlil özü çıxış edərək Strekalinin onun bıçaqlanmasına aid olmadığını bildirdi və əsl cinayətkarların tapılmasını tələb etdi. Jurnalist eyni zamanda onun 19 saat dindirildiyini, barmaqlarının qapının arasına qoyularaq sıxıldığını və nəticədə ondan ifadə alındığını qeyd etdi. Xəlil vəkilinin heç bir vəsatətinin təmin edilmədiyini və buna görə də məhkəmənin bundan sonra ədalətli  və obyektiv olacağına inanmadığını da vurğuladı.
Qeyd edək ki, dövlət ittihamçısı Eldar Həmzəyev və Strekalinin vəkili Akif Xəlilov bir qayda olaraq bütün vəsatətlərə öz etirazlarını bildirdilər. Nəticədə hakim Sadıqov tərəfindən verilən vəsatətlərin heç birini təmin etmədi.
Vəsatətlərdən sonra dövlət ittihamçısı ittiham aktını elan etdikdən sonra Sergey Strekalin hakimin “özünüzü təqsirli bilirsinizmi?” sualını belə cavablandırdı: “Aqilin bıçaqlanması ilə əlaqədar mən özümü təqsirli bilirəm. Narkotik maddələrin evimdə və cibimdə tapılmasında isə yox. Bu işdə mənim təqsirim yoxdur.”
Strekalin sərbəst ifadəsi zamanı ilkin istintaqda verdiyi ifadəni yenidən verdi.
Bundan sonra şahidlər dindirildi. İlkin istintaq zamanı dindirilən və sonradan ifadələri telekanallarda yayımlanan şəxslər – Natiq Cavadov və Xalis Məmmədov verdikləri ifadələri təsdiqlədilər.
E. Sadıqov digər şahid İsgəndərov Zaurun dindirilməsinə etiraz etdi və bunu  həmin şahidin 13 mart hadisəsinə aidiyyatının olmaması ilə əsaslandırdı. Buna baxmayaraq İsgəndərov dindirildi. İfadə verərkən İsgəndərov bildirdi ki, 2007-ci ilin fevral ayında internetdə əsasən “mavi”lərin istifadə etdiyi çat vasitəsilə tanış olub. Bir dəfə görüşdükdən sonra Aqildən xoşu gəlmədiyi üçün daha onunla görüşmədiyini bildirən İsgəndərov Xəlilin bundan sonra onun telefonuna mesajlar yazdığını söylədi.
Növbəti proses 07 iyul saat 11:00-a təyin olundu.
Fotoşəkillər üçün bax:
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,71/

Previous Post

ALİ MƏHKƏMƏ JURNALİSTİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏYİB

Next Post

VÜQAR QURDQANLI ANLAŞILMAZ MÜNASİBƏTLƏ ÜZLƏŞDİYİNİ BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.